İntihar edən Avropa çempionumuzun atası danışdı: - "Çempion bizi yaraladı"
13-07-2017, 15:24
Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasının üzvü Rəşad Dünyamalıyevin dünyasını dəyişdiyini xəbər vermişdik.
İkiqat Avropa çempionu olan 18 yaşlı idmançı Binəqədi kəndində yaşadığı evin həyətində özünü asıb.
Yenicag.az-ın əməkdaşı Dünyamalıyevin ailəsinə baş çəkib, hadisənin təfərrüatını öyrənib.
Bəlli olub ki, üzücü hadisə iyulun 4-də baş verib. Həmin gün Rəşad Qazaxıstanda keçirilən Dünya Kubokuna qatılmaq üçün səfərə yollanmalıydı. Amma o, ailə üzvləri işə gedəndən sonra özünü kimanonun kəməri ilə həyətdəki turnikdən asıb.
Yenicağ.az saytına açıqlama verən mərhumun atası Vladislav Dünyamalıyev həmin gün işdə olduğunu deyib:
“Biz hələ də şokdayıq. Oturub saatlarla fikirləşirəm ki, Rəşad, axı niyə? Həmin günün gecəsi işdə olmuşam. Özüm dülgər sexində çalışıram. Sifarişimiz var idi deyə, səhərədək işləmişdik. Rəşad həmin gün Qazaxıstana getməliydi. Anası səhər yuxudan oyadıb ki, dur, yoxsa gecikəcəksən. O da “yaxşı, ana, dururam” deyib. Qızımla yoldaşım işə gedəndən sonra isə özünü turnikdən asıb. O, çox tərbiyəli, hər kəsin sevimlisi idi. Hansı səbəbdən intihar etdiyi isə sirr olaraq qalır. Oğlumun telefonu da istintaqa verildi, amma içindən bir şey çıxmadı. Heç bir problemi də yox idi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdu. Yeni tədris ilindən I kursda oxuyacaqdı. Amma qismət olmadı. Çempion bizi yaraladı”.
Bəzi mətbuat orqanlarında Rəşadla atası arasında problemin olduğu yazılıb. Lakin, mərhumun yaxınlarının və qonşuların dediyinə görə, Rəşadla atası arasında hər hansı bir problem olmayıb. Dost-tanış Vladislav Dünyamalıyevi övladına dəstək olan, onu çox istəyən biri kimi tanıyır.
Qeyd edək ki, Vladislav oğlunun intihar zamanı istifadə etdiyi turniki artıq həyətdən söküb. Mərhum Binəqədi kənd qəbiristanlığında dəfn olunub.