"Kimin narazılığı varsa, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilər" - Hacıbala Abutalıbov
13-08-2015, 21:28
“Bakı şəhəri ərazində penoplast, poliüreten materiallı binaların hamısının üzlükləri sökülüb”. Bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.
O qeyd edib ki, üzlüyü sökülən binalar tam bərpa olunub: “Binaların bəzilərinin üzü rənglənib, lazım olan yerlərdə ağ daşdan, tülbah və qranitlərdən istifadə olunub”.
Hacıbala Abutalıbov deyib ki, hər şey yüksək səviyyədə həll olunub: “Şəhəri gəzib özünüz bunun şahid ola bilərsiniz. Onu da qeyd edim ki, sözügedən məsələ çoxdan öz həllini tapıb”.
İcra başçısı yanmış binalar sakinləri ilə bağlı “Kompensasiya ala bilməyən, ödənilən məbləğdən narazı olan vətəndaşlarla məsələ necə həll olundu” sualına da cavab verib: “Heç bir narazılıq yoxdur, hər şey vətəndaşın xeyrinə həll edilib. Kimin narazılığı varsa, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilər. Heç bir problem yoxdur”.
Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında keyfiyyətsiz üzlüklərin səbəb olduğu bina tamamilə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində 16 nəfər ölüb, 50 nəfər yaralanıb. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiya üzvlərinə hadisənin baş vermə səbəbləri və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməsi göstərişi verilib.