Nazirin BSM-nə qəfil gəlişi baş həkimi bərk təşvişə salıb
21-08-2015, 12:47
Neçə müddətdir ki, bir sıra KİV-lərdə Bakı Sağlamlıq Mərkəzindəki özbaşınalıqlar barəsində müxtəlif informasiyalar yer almaqda idi. Deyəsən bu faktlar səhiyyə naziri Oqtay Şirəliyevi də hərəkətə gətirib.
Belə ki, DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, Bakı Sağlamlıq Mərkəzindəki qanunsuzluqlarla bağlı durumun yerində öyrənilməsi üçün nazir Oqtay Şirəliyev bu səhər şəxsən tibb ocağına baş çəkib.
Hadisə şahidlərinin sözlərinə görə, məhz nazirin gəlişindən sonra əl-ayağa düşən BSM-nin tibbi personalı aylardır işə gəlməyən həkimləri belə gec də olsa, nazirin ayağına gətirə biliblər.
Amma bu da Oqtay Şirəliyevdə artıq yaranmış mənfi təəssüratı dağıda bilməyib. Hadisə şahidləri dia.az-a bildirir ki, BSM-nin baş həkimi Tərlan Bəbirov nazir tərəfindən bərk danlanılıb: "Nazirin baş həkimi danladığı sonradan - yəni nazirin BSM-ni tərk etməsindən sonra açıq şəkildə hiss olundu. Baş həkim də eyni qəzəblə xəstəxana heyətini acıladı və ardından da maşınına əyləşib tələsik şəkildə harasa getdi".
Məlumatı verən qaynaq bildirir ki, daha sonra xəstəxanaya geri dönən Tərlan Bəbirov hazırki dəqiqələrdə də BSM-də total təftişə çıxıb. Görünür, baş həkimə məhz nazirin gəlişi lazım imiş ki, mövcud problemlərə müdaxilə etsin...
Hər halda nazirin qəfil yoxlamasının hansı nəticəni verəsəyini təxmin etmək o qədər də çətin deyil.
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...