Rusiyanın Yaroslavl vilayətində bir əsgər tabel silahından 6 hərbi qulluqçuya atəş açıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, güllə yarası almış 6 hərbçidən 3-ü hadisə yerindəcə keçinib.
Xəbərdə deyilir ki, adı açıqlanmayan əsgər bu insidenti Pesoçnoye qəsəbəsində yerləşən hərbi hissənin ərazisində hərbi karaulda olarkən törədib.
Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, əsgərin güllələyib öldürdüyü hərbçilərdən ikisi əsgər, biri isə zabitdir. Əsgər avtomatdan atəş açıb. İlkin məlumata görə, insident şəxsi münasibətlər zəminində baş verib. Hazırda Müdafiə Nazirliyinin xüsusi komissiyası həmin hərbi hissədə araşdırma aparır. Yaralı hərbçilər isə hospitala yerləşdirilib.