Ermənilər Qarabağdakı itkilərini təsdiq etdilər - FOTO
26-08-2015, 23:30
Döyüş avqustun 22-də gecə baş verib.
Ermənistan mətbuatı erməni ordusunun Qarabağda verdiyi itkiləri təsdiqləyən məlumat yayıb.
Oxuculardan birinin Oxu.Az-a göndərdiyi screen-shota əsasən, Aravot saytında dərc olunan "Nastupleniye azerbaydjancev bilo ostanovleno" yazısında qeyd olunur ki, avqustun 22-də gecə saat 22:00 radələrində ordumuzun bölmələri və düşmən arasında baş verən döyüşdə işğalçılar itki veriblər.
Erməni tərəfi xeyli sayda hərbi qulluqçusunun həlak olduğu və yaralandığını yazıb.
Həmin screen-shotu təqdim edirik.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.
Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.
Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.
Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb.