MTN-dən anti-terror əməliyyatı- Həbs olunanlar var

2-09-2015, 23:56           

Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatı keçirib.

Əməliyyat nəticəsində, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxslər - Şirxan Xasaylı, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov barəsində, habelə cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəyyən edilmişdir ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Məlumat üçün bir daha bildirilir ki, yuxarıda göstərilən cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən ediləcək.

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarını ayıq-sayıq olmağa, milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərdən və milli maraqlara yad təsirlərdən kənar durmağa çağırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.