Şirkətdən seyf oğurlayan şəxs danışdı: - “Bir güllə atdıq, seyfi götürüb getdik”
18-09-2015, 16:19
“Qaraçay” tikinti şirkətindən quldurluq yolu ilə içərisində 60.000 ABŞ dolları olan seyfi oğurlayan şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşları quldurluq edən iki nəfəri və şirkətə basqını sifariş edən şəxsi saxlamağa müvəffəq olublar. Araşdırma zamanı məlum olub ki, saxlanan Aqşin Mustafayev və Nicat Xəlilov maskalı şəklidə şirkətin binasına daxil olaraq 1948-ci il təvəllüdlü Zina Bəşirovanı odlu silahla hədələyib, daha sonra seyfi götürərək aradan çıxıblar.
Dəstə üzvləri oğurluğa əvvəllər həmin şirkətdə işləyən Azad Həziyevin qurduğu plan əsasında ona məxsus avtomobillə gediblər. İzi itirmək məqsədi ilə saxlanılan şəxslər avtomobilin dövlət qeydiyyat nişanını dəyişdiriblər.
Saxlanılan Nicat Xəlilov hadisənin təfərrüatlarını danışıb: “Girdik içəri, dedi ki, orada pul var. Arvadın əl-qolunu bağladıq. O bir güllə atdı , seyfi götürüb getdik”
Seyfi sındırıb içindəki pulları götürəndən sonra əldə edilən məbləğ A. Həziyev, A. Mustafayev və N. Xəlilov arasında bölünüb. Seyf isə dəstə üzvləri tərəfindən Bakı-Samux kanalının Sabunçu rayonu ərazisindən keçən hissəsinə atılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı seyfin yeri müəyyən edilərək kanaldan çıxarılıb və maddi sübut kimi istintaq materiallarına əlavə olunub.