Badamdar şossesində ölümlə nəticələnən qəzaya səbəb DYP maşını olub?
24-09-2015, 01:43
Kamran Babazadə bu il ali məktəbə qəbul olunub və avtomobili də ona hədiyyə olaraq alıblar
Xəbər verdiyimiz kimi, dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero-İo" markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Avtosfer.az xəbər verir ki, qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Avtomobili isə ona hədiyyə olaraq alıblar.
Mərhumun atası Alim Babayev facebook profilində qəza ilə bağlı status paylaşıb. Övlad acısından sarsılan atanın dərdinə şərik çıxır, ona başsağlığı veririk. Allah rəhmət eləsin!
teref.aznun hadisə yerindən aldığı məlumata görə isə mərhumun sürdüyü "Mitsubishi Pajero-İo"-nu DYP maşını qovurmuş. Sürücü maşını saxlamayıb və qaçan zaman idarəetməni itirərək aşıb. Badamdar şossesi ilə 20 sahəyə gedən yolun relyefini və mərhum sürücünün səriştəsiz olduğunu nəzərə alsaq hadisə yerindən verilən xəbərin doğruluğuna inanmaq olar. Hər halda axırıncı sözü istintaq deyəcək!