Jurnalistin mənzilində axtarış aparıldı
27-09-2015, 20:23
Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəlinin kirayə qaldığı mənzildə axtarış aparıblar.
ANS PRESS-in "Azadlıq radiosu"na istinadən verdiyi məlumata görə, təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilib.
Axtarışın gedişində mənzildə olan texniki avadanlıq - kompüter, kamera, mikrofon, mobil telefon, eləcə də bank çekləri və başqa sənədlər götürülüb. İslam Şıxəliyə aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və s. götürülsə də, xarici pasportu çıxmaqla, ona məxsus şəxsi sənədlərin hamısı qaytarılıb.
Axtarış aparılan zaman mənzildə İslam Şıxəlinin özü yox, dostu Orxan Rüstəmzadə olub.
Axtarışdan sonra Orxan Rüstəmzadə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Ona harada işləməsi, necə pul qazanması və s. bənzər suallar verilib. Orxan Rüstəmzadədən Meydan TV və Mingəçevir olayları, eləcə də İslam Şixəli haqqında maraqlanıblar. Ona sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrıldığını İslam Şıxəliyə bildirməyi söyləyiblər.
Baş Prokurorğulun Ağır Cinayətlərə Dair Işlər üzrə İstintaq İdarəsi ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı Bürosunda axtarış apararaq, ofisi möhürləmiş və daha sonra radionun əməkdaşları həmin idarədə dindirilmişdi.