Cəbhədə partlayış: mülki şəxs ağır yaralandı
29-09-2015, 11:00
Tərtərin Səhləbad kəndində mülki şəxsin ağır yaralanması ilə nəticələnən partlayış baş verib.
ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Laçın rayonundan məcburi köçkün, 50 yaşlı Rizvan Bədəlovun məskunlaşdığı Səhlabad kəndi ərazsindəki keçmiş məktəb binasının yaxınlığında baş verib.
Bildirilir ki, Rizvan Bədəlov axşam saatlarında hasarın kənarına topladığı zibili yandıran zaman alov yaxınlıqdakı qamışlığa keçib. Zərərçəkmiş qamışlıqda başlayan yanğının qarşısını almağa çalışarkən ərazidə olan hərbi sursat qəfildən partlayıb. Partlayış nəticəsində Rizavan Bədəlov ağır yaralanıb. Yaxınları tərəfindən Tərtər MRX-na çatdırılan yaralının vəziyyəti ağır olduğundan Bərdəyə göndərilib.
"Məhəlləni təmizləyəndə, zibilin içində müharibədən qalmış patron varmış. Od verəndə patron elə partlayıb, qəlpə gəlib ona dəyib." - deyə yaralının qardaşı Telman Bədəlov bildirib.
Xəstəxanadan verilən məlumata görə, Rizvan Bədəlov hər iki ayağından və qarın boşluğundan qəlpə yaraları alıb. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Partlayan hərbi sursatın iri çaplı pulemyot gülləsi olduğu və I Qarabağ müharibəsi dövründən əraziyə atıldığı ehtimal edilir. Hazırda baş vermiş faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.