"Bayer Pharma AG" şirkətinin Azərbaycandakı nümayəndəliyi "Riyad-Farm" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
“Report”un xəbərinə görə, "Bayer Pharma AG" borcun və cərimə faizlərinin ödənilməsini tələb edir. İddia olunan borcun və cərimə faizlərinin məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, 1998-ci ilin mart ayında təsis edilən "Riyad-Farm" Azərbaycanda əczaçılıq bazarında ən qabaqcıl distribütorlardan biri sayılırdı. Şirkət 2003-cü il aprel ayının 1-i Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində "Dövlət qeydiyyatı"na alınıb. Hazırda dərman satışını dayandırıb.
"Bayer Pharma AG" isə Almaniyanın dərman satışı ilə məşğul olan ən böyük şirkətlərindən biri hesab edilir. 39 min işçisi olan şirkət 2014-cü ildə dərman satışından 12 milyon 52 min avroluq gəlir qazanıb.