Beynəlxalq Bank oliqarxlara milyardlarla dolları girovsuz verib

30-09-2015, 18:52           
Beynəlxalq Bank oliqarxlara milyardlarla dolları girovsuz verib
“Kredit oliqarxlarının” işi barədə daha bir qalmaqallı nüans üzə çıxıb.

TEREF.İNFO Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı milyardlarla dollar krediti oliqarxların bir çoxuna onlarla borc müqaviləsi imzalanmadan ayırıb.

Məlumatlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında müstəntiqlər oliqarxları Beynəlxalq Bank qarşısında kredit öhdəliklərinə dair yeni müqavilələr imzalamaq üçün “dilə tutur”.

“Kredit oliqarxları”nın işi üzrə vəkillər aydınlaşdırıblar ki, bu işdə adı keçənlərdən yalnız biri - Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov kredit əvəzində daşınmaz əmlak girov qoyub. Qalanların əksəriyyəti isə milyardlarla dollar krediti heç bir girov qoymadan əldə ediblər. İndi Beynəlxalq Bankın rəhbərliyinin bu “səhvini” müstəntiqlər düzəltməyə çalışır.

Beləliklə, absurd vəziyyət yaranıb: kreditlər bir neçə il əvvəl ayrılıb, girov müqavilələri isə indi bağlanır.

Bəs Beynəlxalq Bankın rəhbərliyi bu absurd vəziyyətə necə yol verib? Axı bankdan götürülən kreditə görə onun məbləğindən artıq dəyərə malik olan girovun qoyulması birbaşa qanunvericiliyin tələbidir.

Bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə sanki öz pulları imiş kimi milyardlarla dollar krediti ona yaxın oliqarxlara girovsuz paylayıb.

İndi isə Beynəlxalq Bank “Bandotdel”in müstəntiqləri ilə birlikdə təxminən 17 nəfərdən ibarət sahibkarlar qrupu ilə faktiki olaraq yeni kredit müqaviləsini rəsmiləşdirməklə məşğuldur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.