Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək

3-11-2018, 08:02           
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

"Report" xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək. Açılış matçı "ASK Arena"da olacaq. "Keşlə" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. İlk dövrədəki matçda qonaqlar qələbə qazanıb - 2:0.

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm rəhbərlik etdiyi komandaya qarşı sərfəli nəticə qazanmağa çalışacaq. Komandalar bu vaxta qədər 56 dəfə qarşılaşıblar. Bunların 28-də "Neftçi", 14-də isə "Keşlə" sevinən tərəf olub. 14 matçda isə heç-heçə qeydə alınıb.

Topların fərqində də flaqman öndədir - 86:58. Komandalar arasında keçirilmiş son 4 çempionat oyununda meydan sahibi olan tərəf qələbə qazanıb. Bu dueldə ardıcıl 11 oyundur heç-heçə qeydə alınmayıb. "Neftçi" hazırda 22 xalla turnir cədvəlinı başçılıq edir. "Keşlə" isə 6 xalla 7-ci pillədədir.

Günün ikinci matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Son turlarda qələbə qazana bilməyən "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində problem yarandığından oyunun yeri dəyişdirilib. İlk dövrədə baş tutan görüşdə son ölkə çempionu 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı ardıcıl 6 ev oyununda meydanı 3 xalla tərk edib. Ağdam klubu həmçinin rəqibə qarşı 12 matçdır meydanı qolsuz və xalsız tərk etməyib. Komandalar indiyədək çempionatda 25 dəfə üz-üzə gəliblər. "Qarabağ" 18, "Sumqayıt" isə 4 dəfə meydanı 3 xalla tərk edibsə, 3 oyunda qalib müəyyənləşməyib. Topların fərqində də Ağdam klubunun aşkar üstünlüyü var - 51:12. "Qarabağ" hazırda 17 xalla 2-ci, "Sumqayıt" isə 11 xalla 5-ci pillədə qərarlaşıb.

3 noyabr (şənbə)

17:00 “Keşlə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

İlk dövrə - 0:2

19:00 “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk dövrə - 1:0

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Sabah" və "Zirə - "Səbail" matçları ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru