"Futbol mənim üçün mənasını itirib" - Məşhur alman oyunçu 32 yaşında karyerasını bitirdi
31-07-2020, 17:55

"Lokomotiv"in sabiq müdafiəçisi Benedikt Hövedes 32 yaşında peşəkar futbol karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, Hövedes "Der Spiegel"-ə müsahibəsində qərarını açıqlayıb:
"Son günlərdə həyat yoldaşım və uşağımla birlikdə Fransanın cənubuna istirahətə getmişdim. Birdən fərqinə vardım ki, oğlumla birlikdə keçirdiyim zamandan daha çox zövq alıram. Hazırda futbol mənim üçün mənasını itirib. Oğlumun, demək olar ki, iki yaşı var. Təəssüf ki, son periodda Moskvada yaşadığım üçün onu elə də çox görə bilmirdim. Ailəm üçün çox darıxmışdım.
Bu, elə də asan qərar deyil. Karyeramın sonuna kimi futbol oynamaqdan həzz almışam. Bəlkə də, pandemiya dövründə baş verənlər mənə təsir etdi.
Qazandığımı artıq qazanmışam. Sizə axmaqlıq kimi gələ bilər, amma karyeramı erkən bitirəcəyimdən, əlavə milyonlardan məhrum olmaq mənim üçün önəmli deyil. Pul mənim üçün məna kəsb etmir. Bahalı saatlar və avtomobillər heç vaxt həyatım tərzim olmayıb".
Hövedes karyerasının böyük bölümünü (2007-2018) "Şalke"də keçirib. O, "gelzenkirhenlilər"lə birlikdə Almaniya Kuboku və Superkubokunun qalibi olub. Alman oyunçu "Yuventus"da çıxış edərkən İtaliya A Seriyasını və Kubokunu qazanıb.
Hövedes 2014-cü il dünya çempionatının qalibidi.
Qeyd edək ki, daha öncə 29 yaşlı Andre Şürrle futbolla vidalaşdığını açıqlamışdı.