Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

26-09-2020, 09:32           
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar paytaxtda təşkil olunacaq.

Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sabah" komandaları arasında gerçəkləşəcək.

Hazırda "Sabah" 3 oyundan 6 xalla 2-ci, xalı olmayan "dənizçilər" isə sonuncu pillədə qərarlaşıb.

İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də "Sabah"ın xeyirinədir - 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. “Səbail” isə son iki ev matçında qol vurmağı bacarıb.

Günün digər oyununda "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda Yunis Hüseynovun rəhbərlik etdiyi komanda 5 xalla 5-cidir. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə 4 xalla 6-cı yerdə gedir.

Bu, komandaların Premyer Liqada 20-ci qarşılaşması olacaq. Bunadək baş tutmuş 19 görüşdə meydan sahibləri rəqibini 6 dəfə məğlub edib. "Qartallar" 5 dəfə qələbə sevinci yaşayıblar. 8 görüş isə heç-heçə ilə yekunlaşıb. "Keşlə"nin vurduğu 22 qola "Zirə" 20 qolla cavab verib. Son 5 qarşılaşmanın hərəsində ən azı 2 qol olub. “Keşlə” ardıcıl iki ev matçında quru hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası, IV tur

26 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

Qeyd edək ki, IV turun açılış matçında "Qarabağ" səfərdə "Sumqayıt"la heç-heçə edib - 2:2. Tura sabah "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru