Azərbaycan 200 min dollarlıq cərimədən xilas ola bilər

23-01-2016, 21:19           
Azərbaycan 200 min dollarlıq cərimədən xilas ola bilər
"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hyuston şəhərində keçirilən dünya çempionatında 6 idmançısı dopinq qəbul etməkdə ittiham olunan və Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfindən 200 min dollar cərimələnən Azərbaycan bu məbləği ödəməyə bilər".

Bu barədə ANS PRESS-ə Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, 200 min dollar (320 min manat) cərimənin ödənilməsi üçün Azərbaycan tərəfinə hələlik heç bir bildiriş göndərilməyib:

"Birinci mərhələdə 6 idmançımızın dopinq qəbul etdiyi öz təsdiqini tapıb. Ancaq yaxın vaxtlarda dopinq testi yenidən keçiriləcək. Əgər həmin testdə də əvvəlki nəticələr təkrarlansa o zaman Beynəlxalq Ağır Atletika Federasiyası bizə cərimənin ödənilməsi üçün yazılı müraciət edəcək. Yalnız o zaman pul ödənəcək. Hələlik isə Azərbaycan Ağır Atletika Fererasiyasına bununla bağlı heç bir bildiriş daxil olmayıb.

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında dopinq qəbul edən idmançılar dekabr ayının 28-də cəzalanıb.

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycanı 200 min dollar cərimələyib. Bu barədə Fokus sport yazıb.

Bildirilir ki, ən çox qanunu pozan Azərbaycan yığmasının idmançıları olub (6 idmançı). Rusiyanın 4 idmançısı, Qazaxıstan, Moldova və Şimalı Koreyanın isə 3 atletinin dopinq qəbul etdiyi məlum olub.

Məlumata görə, Federasiya Rusiyanı 100 min dollar, digər ölkələri isə 50 min dollar məbləğində cərimələyib. Ölkələr cərimələrini ödəməsələr, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya verilməyəcək.

Cərimədən bir müddət əvvəl, ağır atletlərimiz Valentin Xristov, Firuddin Quliyev, Elxan Əliquluzadə, İntiqam Zairov, Dadaş Dadaşbəyli, Silviya Anqelova dopinq testindən keçə bilməyiblər. Əlavə edək ki, əgər ilk nəticələrin göstəriciləri ikinci dəfə aşkar olunsa, Dadaşbəyli istisna olmaqla digərləri idmandan ömürlük kənarlaşdırıla bilərlər.

Bolqarıstanlı legioner Valentin Xristov 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 2012, 2013 və 2015-ci illər daxil olmaqla 9 qat Avropa Çempionu olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.