Bakıdakı İslam Həmrəyliyi Oyunlarının mükafatçısı 4 illik diskvalifikasiya edildi
7-11-2020, 08:29
Azərbaycanlı sərbəst güləşçi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Murtuzəli Müslümov (70 kiloqram) dopinq istifadəsində təqsirli bilinərək dörd il müddətinə diskvalifikasiya edilib.
Teref.az xəbər verir ki, bu barədə “Sputnik” Azərbaycan Dünya Güləş Federasiyasına istinadən məlumat yayıb.
12 iyul 2019-cu ildə İstanbulda Yaşar Doğunun xatirəsinə təşkil edilən ənənəvi beynəlxalq turnir zamanı Müslümovdan götürülmüş dopinq testinin analiz nümunəsi idmançının orqanizmində Ümumdünya Antidopinq Təşkilatı (WADA) tərəfindən qadağan olunmuş anabolik steroidlər qrupuna daxil olan metabolit drostanolon və oksandrolonun olmasını təsdiq edib.
Yeri gəlmişkən, M.Müslümov sözügedən turnirin qalibi olub.
Nəticədə 27 yaşlı Müslümov 4 il müddətinə diskvalifikasiya edilib. Cəzanın başlama müddəti 12 iyul 2019 tarixi hesab edilib və 11 iyul 2023-cü ilə qədər davam edəcək.
Dünya Güləş Federasiyasının qaydalarına uyğun olaraq, 12 iyul 2019-cu ildən başlayaraq Müslümovun beynəlxalq yarışlarda nümayiş etdirdiyi bütün nəticələr ləğv ediləcək və medallar müsadirə olunacaq.