Azərbaycan Premyer Liqasında ilin son turu: Qış çempionu kim olacaq?

24-12-2020, 07:53           
Azərbaycan Premyer Liqasında ilin son turu:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, qış fasiləsi öncəsi sonuncu turun bütün qarşılaşmaları eyni gündə gerçəkləşəcək.

20 xalla 2-3-cü yerləri bölüşən "Qarabağ" və "Zirə" "Azersun Arena"da münasibətlərinə aydınlıq gətirəcəklər. İndiyədək çempionatda 20 dəfə üz-üzə gəlmiş komandaların duelində Ağdam təmsilçisi 14 qələbə qazanıb. Rəqibini məğlub edə bilməyən "qartallar" yalnız 6 görüşdə heç-heçəyə nail olub. Topların fərqində də "köhlən atlar"ın üstünlüyü var - 43:8. "Zirə” son iki səfər matçında uduzmayıb.

XII turdan 10 xal toplayan və sonuncu pillədə qərarlaşan "Sabah" bu tur 16 xalla 4-cü pillədə yer alan "Sumqayıt"a qonaq olacaq. Bu, iki kollektiv arasında Premyer Liqada sayca 9-cu oyun olacaq. Əvvəlki 8 qarşılaşmanın 5-də meydan sahibləri, 2-də isə qonaqlar seviniblər. 1 görüş heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin 13 qoluna Masazır klubu 7 topla cavab verib. Son üç matçda "Sabah" qalib gəlib. “Sumqayıt” son 6 oyunda meydanı qolsuz tərk etməyib.

Ötən tur qələbə sayəsində xallarını 13-ə çatdıraraq, 5-ci sıraya yüksələn "Səbail" "Qəbələ"ni qəbul edəcək. Hazırda əyalət təmsilçisi 12 xalla 7-ci pillədə yer alır. Komandalar bugünədək ölkə çempionatında 12 dəfə qarşılaşıblar. Meydan sahibləri bu görüşlərdən 3-də qalib gəlib. Qonaqların qələbə sayı isə 5-dir. 4 qarşılaşmada qalib müəyyənləşməyib. Bu matçlarda "dənizçilər" 13, "qırmızı-qaralar" 20 qol vurublar. “Qəbələ” son 6 matçda meydanı qolsuz tərk etməyib. “Səbail” evdəki son 5 görüşdə uduzmayıb.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. 21 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq. "Ağ-qaralar" rəqibini məğlub edərək, fasiləyə qış çempionu kimi yollanmağa çalışacaq. Bu komandalar arasında indiyədək keçirilmiş 63 oyunun 33-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. 15 matç bərabərliklə başa çatıb. Topların fərqi də flaqmanın xeyrinədir - 95:61. "Neftçi" son 2 oyunda qələbə qazanıb. "Keşlə" son 10 səfər qarşılaşmasında qalib gələ bilməyib.

24 dekabr (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XIII tur

16:00. “Səbail” – “Qəbələ” (canlı/pfl.az)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” (canlı/“CBC Sport“)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”

18:00. “Neftçi” – “Keşlə” (canlı/“CBC Sport“)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.