Avropa çempionları millimizi yendi

4-02-2016, 09:38           

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatında D qrupunda mübarizəyə start verilib.

teref.az xəbər verir ki, ardıcıl 4-cü dəfə bu turnirdə iştirak edən millimizin ilk rəqibi son Avropa çempionları İtaliya yığması olub.

2 il əvvəl Belçikanın Antverpen şəhərində keçirilən qitə birinciliyində bu komandaya qrupda 0:7 uduzmuş millimiz yeni baş məşqçi Tino Peresin rəhbərliyi altında da məğlubiyyətdən qaça bilməyib. Komandamızın ilk topu qapısından buraxmasında meydançada 4 oyunçu ilə qalması da rol oynayıb.

Belə ki, braziliyalı legionerimiz Amadeu 18:25-ci dəqiqədə 2-ci sarı vərəqə alaraq meydanı tərk edib. Nəticədə ilk hissənin bitməsinə 21 saniyə qalmış İtaliyanın Portuqaliyanın "Sportinq" klubunda çıxış edən legioneri Aleks Merlim hesabı açıb. Aleks 2-ci hissə başlayandan 9 saniyə sonra dublunu rəsmiləşdirib. Bu qolda müdafiədə Eduardonun buraxdığı kobud səhv rol oynayıb. 28:28-ci dəqiqədə isə komandamız qapısından 3-cü topu buraxıb. Beləliklə, yığmamız "Neftçi"nin sabiq serbiyalı futbolçuları Branimir Subaşiç və Vladimir Miçoviçin izlədiyi görüşdə 0:3 hesabı ilə yenilərək turnirə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, komandamız qrupdan çıxmaq üçün fevralın 5-də Çexiya millisini yenməlidir. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.