FİFA və UEFA prezidentlərinə qarşı yeni ittihamlar irəli sürüldü

13-03-2016, 23:42           

Adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter haqqında yeni rüşvət dosyesi ortaya çıxıb.

ANS PRESS-in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, İsveçrə hakimiyyəti nümayəndələrinə Platininin hesabına hələ Fransa Futbol Federasiyasının qərargahında olarkən Blatterin hesabından daha bir şübhəli pul köçürülməsinin baş tutması barədə məlumat daxil olub. Bu informasiya qərargahda axtarış aparılması üçün rəsmilərə əsas verib. Köçürülən vəsaitin yeddirəqəmli məbləğdən ibarət olduğu bildirilir. Məlumata görə, gizli həyata keçirilən ödəniş 1998 və 2002 illər arasında Parisdə Platininin ofisinin xərclərinin qarşılanması məqsədi ilə köçürülüb.

Xatırladaq ki, ötən ilin dekabr ayında korrupsiya qalmaqalına görə UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib.

Onu da qeyd edək ki, FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

2018-ci il və 2022-ci il Dünya Çempionatına ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Təhqiqat Bürosu (FTB) və ABŞ prokurorluğu araşdırır.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter 2015-ci ilin mayın 29-da yenidən bu posta seçilib. Lakin iyun ayında korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən istefa verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.