Azərbaycan yığmasının oyununda bir dəqiqəlik sükut və Türk millətinə sayğısızlıq
24-03-2016, 10:34
Rusiya və Azərbaycanın U-21 yığmaları arasındakı oyun bir dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb. AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində oynanılacaq qarşılaşmadan öncə martın 19-da Rostovda baş vermiş təyyarə qəzasının və martın 22-də Brüsseldə yaşanmış terror hadisəsinin qurbanları yad ediləcək. Musavat.com əlavə edir ki, bir dəqiqəlik sükutla anılanlar arasında Türkiyənin Ankara və İstanbul şəhərlərindəki terror aktlarının qurbanları olmayacaq. Xatlrladaq ki, martın 13-də Ankaranın Kızılay meydanında törədilən terror aktı nəticəsində 34 nəfər, martın 19-da İstanbulun Taksim meydanı yaxınlığında törədilən partlayış nəticəsində isə 5 nəfər həlak olub. Rusiyanın gənclər millisiylə yanaşı, bu ölkənin əsas komandasının Litvayla yoxlama oyunundan öncə də bir dəqiqəlik sükut elan olunacaq. Qeyd edək ki, iki ölkənin gənclər milliləri arasındakı matç martın 24-də, Rostovun “Olimp-2” stadionunda baş tutacaq.