“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub olub

25-10-2023, 08:06           
“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

“Report”un məlumatına görə, ilk oyunlar İstanbul və Milanda keçirilib.

A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Matçda hesabı erkən qolla qonaqlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, “status-kvo”nu bərpa edib. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. 6 dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

3:1 hesablı qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə 4 xalla ikinci pillədə qalıb.

İtaliya “İnter”i D qrupu çərçivəsində “Cüzeppe Meatsa”da Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda “neradzurra” 7 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3 xal olan “Zaltsburq” isə 3-cü sıradadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru