Olimpiya medallarımız alına bilər - Güləşçilərimiz də dopinqə qurban gedir?
30-08-2016, 19:25
Yay Olimpiya oyunları ilə bağlı doping-test yoxlanışları davam edir. Ağır atletikadan sonra indi də növbə güləşə çatıb.
Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alına bilər. Bu barədə Amerikanının güləş saytı olan “flowrestling” məlumat yayıb.
Hələlik onların adlarına aydınlıq gətirilməyib.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Hurriyyet.org-a açıqlama verib: “Hələlik nazirliyə nə Beynəlxalq Antidopinq Konvensiyası, nə də Beynəlxalq Güləş Federasiyası tərəfindən heç bir rəsmi müraciət və ya siyahı daxil olmayıb. Bununla bağlı nazirliyə heç bir məlumat daxil olmadığı üçün də bu barədə bir şey deyə bilməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında qazandığı medallar geri alına bilər. Qəti qərar Yay Olimpiya Oyunları ilə bağlı dopinq-test yoxlanışlarından sonra veriləcək. İdmançıların adları hələlik açıqlanmayıb.
Xatırladaq ki, 2008-ci ildə Olimpiya Oyunlarında ölkəmizi 12 güləşçi təmsil edib. Güləşçilərimiz həmin Olimpiadadan 4 medalla qayıdıblar. Yunan-Roma güləşində Vitali Rəhimov (60 kq) və Rövşən Bayramov (55kq) (hər ikisi gümüş), qadınların güləşində Mariya Stadnik (-48 kq, gümüş), sərbəst güləşdə isə Xetaq Qazyumov (96 kq-da bürünc) medallar qazanıblar.
2012-ci il Olimpiadasında isə millimizin aktivinə 2 qızıl medalı elə güləşçilərimiz qazandırıb. Sərbəst güləşçilərdən Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal əldə etmişdilər.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq) üçüncü yeri tutmuşdu. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlamışdı.
Qadın güləşi üzrə yarışlarda isə Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxıb.