“Qarabağ” ilk deyilmiş... - Foto
28-09-2024, 10:38
Xəbər verdiyimiz kimi, Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda “Tottenhem”lə oyundan əvvəl Azərbaycan təmsilçisi “Qarabağ” tıxaca düşüb.
“Qafqazinfo”nun məlumatına görə, “köhlən atlar” matça gedərkən 2 saatdan çox tıxacda qalıb. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlanmalı oyun 23:35-də start götürüb.
Britaniyanın məşhur “Daily Mail” nəşri problemlə bağlı yazı dərc edib. Nəşr bildirir ki, “Qarabağ” Londonun vahiməli tıxacına görə, oyunun başlama vaxtına 15 dəqiqə qalmış stadiona çatıb.
“Londonda dəmiryolu və avtomobil yollarının bağlanması səbəbindən yollar qonaq komanda, o cümlədən oyuna gedən minlərlə azarkeş üçün xaos yaratdı” - deyə yazıda bildirilib.
Həmçinin qeyd edilir ki, yayımçı “TNT Sport” komandası, o cümlədən ekspertləri Piter Krauç və Qlen Hoddl maşından düşərək, güclü yağış altında stadiona piyada getməli olublar.
Oyunun başlanma vaxtının təxirə salınması stadionun nəhəng ekranları vasitəsilə azarkeşlərə çatdırılıb
“Qarabağ” Londonda tıxaca düşən ilk komanda deyil...
“Daily Mail”in yazdığına görə, təmsilçimiz “Tottenhem Hotspur”un ətrafında tıxaca düşən ilk komanda olmayıb. Belə ki, 2023-cü ilin mart ayında Çempionlar Liqasının 1/8 final mərhələsində “Tottenhem”lə oyundan əvvəl İtaliyanın “Milan” klubu da belə bir problemlə rastlaşıb.
Həmçinin 2016-cı ildə “Mançester Yunayted” “Tottenhem”in köhnə “White Hart Lane” stadionunda saat 16:00-da baş tutacaq matça eyni problemə görə gecikib və qarşılaşma 30 dəqiqə gec başlayıb.
Xatırladaq ki, “Tottenhem” – “Qarabağ” oyunu 3:0 hesabı ilə yekunlaşıb.