“Biz Azərbaycan yığmasının futbol oynamasına çalışırıq, təkcə müdafiə olunmasına yox” -Robert Prosineçki
13-10-2016, 14:20
“Norveç üzərində qələbə və Çexiya səfərində bərabərlik böyük uğurdu. İndi Azərbaycan futbolunda eyforiya yaranıb”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
Prosineçki 3 oyunda 7 xal toplamaqla hər kəsi təəccübləndirdiklərini söyləyib: “Biz dünya çempionatının seçmə mərhələsinin sürpriz komandasıyıq. Heç kim Azərbaycan millisindən bu nəticələri gözləmirdi. Ancaq əsas odu ki, biz özümüz buna inanırdıq. İstənilən rəqiblə mübarizə aparacaq futbolçulara malik olduğumuzu bilirik. Bu müddətdə bir çox oyunçunun xidmətindən istifadə etdim. Onların da hər birinə inanıram”.
47 yaşlı çalışdırıcı komandamızda özünəinamın artdığını bildirib. O, oyunçularla bu barədə söhbət etdiyini də deyib: “Hər matça çox ciddi hazırlaşır və oyunları ən yaxşı şəkildə keçirməyə çalışırıq. Futbolçuların özlərinə də demişdik ki, siz bunu bacararsınız. İndi onlar özləri də görürlər ki, hər kəsə sürpriz edəcək bacarığa malikdilər və özlərinə güvənirlər. İnsanlar da artıq bizə inanırlar. Çünki onlar heç vaxt belə nəticə görməmişdilər”.
Prosineçki bu uğurlu çıxışın başlanğıcını AÇ-2016-nın seçmə mərhələsində qoyduqlarını vurğulayıb. O, heyətdə gəncləşdirmə siyasətini aparmaqda məqsədlərinin 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlaşmaq olduğunu da qeyd edib: “Bu nəticələrimiz təsadüfi deyil. Biz AÇ-2016-nın seçmə mərhələsində də bir neçə komandaya başağrısı olmuşduq. Məsələn, Norveçlə Osloda qolsuz bərabərə qalmışdıq, Xorvatiyadan Bakıda xal almışdıq. Həmçinin, İtaliya ilə də səfərdə heç-heçə etməyə çox yaxın idik. Biz Azərbaycan yığmasının futbol oynamasına çalışırıq, təkcə müdafiə olunmasına yox. Çexiya ilə matçda Ramil Şeydayev, Namiq Ələsgərov kimi gənc oyunçuları start heyətində meydana buraxmışdım. Biz gələcəyin komandasını qurmağa çalışırıq. İndidən AÇ-2020-yə hazırlaşırıq və hədəfimiz həmin yarışda final mərhələsinə vəsiqə qazanmaq olacaq”.