“Fatih Terimlə yola davam edəcəyik” – TFF prezidenti
14-10-2016, 11:49
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Demirören yığma komanda ilə bağlı məsələlərə aydınlıq gətirib.
“Report”un məlumatına görə, Y.Demirören “A Spor”a açıqlamasında futbolçuların mükafat almamaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və Arda Turanın yığmaya dəvət olunmamasından danışıb.
Federasiya rəhbəri futbolçuların “mükafat almadıq” iddialarını yalanlayıb: “Futbolçulara mükafat verilib. Həmçinin Burak Yılmaz da öz mükafatını alıb. Burak oynadığı oyunlar üçün mükafat alıb. Artıq hər oyuna görə mükafat sistemi yoxdur. Bunların qəbzləri də bizdə var. Ancaq bu məsələni danışmaq düzgün olmaz. Fatih Terimlə futbolçu Arda Turan Arasında yaşanan mübahisənin də səbəbi mükafat deyil”.
Y.Demirören baş məşqçinin istefaya göndərilməyəcəyini bildirib və Arda Turanın yığmaya çağırılmaması ilə bağlı bunları deyib: “Fatih Terim centlmendir. Bizimlə yola davam edib-etməmək haqqında danışdı və biz də birgə irəliləmək qərarı verdik. Bu məşqçini 3 dəfə göndərdik, amma 4 dəfə yenidən geri çağırdıq. Terimlə uzun yola çıxmışıq. Dünya çempionatına getməyə bilərik. Ancaq hələ qarşıda oyunlarımız var. Arda Turan məsələsinə gəlincə, futbolçunun oynayıb-oynamaması baş məşqçinin işidir. Arda 6 ay futbol oynamadığı halda Terim onu yığmaya çağırdı və biz bu işə qarışmadıq. İndi çağırmır, yenə qarışmırıq”.