Xankəndidə turnir keçirilməsinə göz yuman azərbaycanlı kimdir? - İLGİNC

14-10-2016, 18:00           
Xankəndidə turnir keçirilməsinə göz yuman azərbaycanlı kimdir? - İLGİNC
Bu günlərdə maraqlı bir fakt diqqətimizi çəkdi.

Hadisə avqustun 3-də baş versə də, mövzunun aktuallığı gec də olsa, Qaynarinfo.Az-ı məsələni ictimailəşdirməyi zəruri edir.

Belə ki, avqustun 3-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənəti) Federasiyası tərəfindən "Real Fayt 1" döyüşləri keçirilib.

Lakin bu şəhər Dünya MMA Assosiasiyasının (WMMAA) saytında Ermənistan şəhəri kimi ictimaiyyətə təqdim olunub. Həmin yarışda Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının idmançıları iştirak edib.


Təqdim olunan şəkildən də göründüyü kimi (bunu WMMAA-nın saytı olan wmmma.org-a daxil olub "Üzvlər" (Members) bölməsindən də görmək olar - red.) Azərbaycan MMA Federasiyası (AMMAF) WMMAA-ya üzvdür. Görünür, məhz belə bir xəbərin mətbuatda yer almasından sonra WMMAA-nın bizdəki əlaltıları bundan bərk təşvişə düşüb. Xankəndidə belə bir yarış keçirilir, ancaq AMMAF buna heç bir reaksiya vermir.

Məntiqlə işğal altında olan rayonlarımızda hansısa yarış keçiriləndə ilk növbədə beynəlxalq quruma tabe olan Azərbaycandakı üzv federasiyası məsələyə öz narazılığını bildirir. Əgər bu etiraz bir işə yaramırsa, o zaman bu, dövlət səviyyəsində edilir. Yəni, Azərbaycanın Xarici İşlər Nazirliyi qarşı tərəfə nota göndərir.

Yarışın keçirilməsi bir yana, xəbərin özü düz 2 ay WMMAA-nın saytında əks olunub. Yalnız məlum yazıdan sonra bizdəki rəsmilər işlərini itirəcəklərindən qorxub xəbərin WMMAA-nın saytından çıxarılmasına nail olublar. Hazırda da bu saytın "Xəbərlər" (News) bölməsinə daxil olduqda Xankəndində belə bir yarışın keçirilməsinə dair məlumata rast gəlməzsən. Bu isə "bizimkilər"in məlumatı çıxartmasından xəbər verir.

Özü də maraqlıdır ki, AMMAF-ın prezidenti Rövşən Həsənov məsələyə müdaxilə edə biləcək səviyyədə bir adamdır. Yəni, MMA-da az sanballı insan sayılmır. Həsənov 2 il əvvəl Avropa MMA Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin qurumun prezidenti isə hollandiyalı Aleksander Enqelhardtdır. Həmin Enqelhardt WMMAA-da həm də İnkişaf direktoru vəzifəsindədir. Yəni, Rövşən Həsənov işinə məsuliyyətlə yanaşsaydı, bu xəbər nəinki 2 ay qurumun saytında yer alardı, hətta istəsəydi, belə bir turnirin Xankəndində keçirilməsinə etiraz da edərdi.

Bizdə olan məlumata görə, Rövşən Həsənov Rusiyada yaşayır. Həvəskar MMA üzrə qurum olan Dünya Qarışıq Döyüş Sənəti Assosiasiyasının qərargahı da məhz Rusiyada yerləşir (İsveçin Yötebori şəhərindəki Beynəlxalq MMA Federasiyasının (IMMAF) bu quruma aidiyyəti yoxdur). Deməli, Rövşən Həsənovun bu məsələdən daha tez xəbərdar olması və belə bir turnirin keçirilməsinin qarşısını almaq üçün daha yaxşı imkanları vardı. Həsənov isə bu il verdiyi müsahibədə 2018-ci ildə Azərbaycanda MMA üzrə dünya çempionatı keçirməkdən dəm vurur. Adama deməzlər ki, sən hələ burnunun dibində belə qanunsuz turnirlərin qarşısını ala bilmirsən, Bakıda necə dünya çempionatı keçirəcəksən?!

Onu da vurğulayaq ki, WMMAA-nın prezidenti monakolu Vadim Finkelşteyn, fəxri prezidenti məşhur Ukrayna doğumlu rus idmançı, "Sonuncu İmperator" ləqəbli Fyodor Yemelyanenkodur. Və hər 2 şəxs 2 il əvvəl Bakıda keçirilən MMA üzrə Avropa çempionatına Rövşən Həsənov tərəfindən dəvət olunub. Nə demək istədiyimizi yəqin ki anladınız...

Qeyd edək ki, Azərbaycan MMA Federasiyası isə qurum kimi bu ilin fevralın 16-da rəsmi qeydiyyata düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.