PAOK-un baş məşqçisi: 'Bunu gözləmirdik' - FOTOLAR

21-10-2016, 01:04           
PAOK-un baş məşqçisi: 'Bunu gözləmirdik' - FOTOLAR
"Matç düşündüyümüz kimi alınmadı"
Bu sözləri PAOK klubunun baş məşqçisi Vladimir İviç deyib. Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olan Yunanıstan təmsilçisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Musavat.com xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi bunları deyib: “Açıq demək lazımdır, bu nəticəni gözləmirdik. Daha yaxşı nəticəyə ümid edirdik. İşimizə davam edəcəyik. Səhvlərimizi gördük. Onlardan nəticə çıxaracağıq. Artıq hər şey özümüzdən asılıdır”.

- Komandanız gah yaxşı, gah pis oynayırdı. Bunun səbəbi nə idi?

- Bəli, elə oldu. Birinci hissədə daha yaxşı oynadıq. İki dəfə qol imkanımız da oldu. Əfsuslar olsun ki, həmin epizodları dəyərləndirə bilmədik. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Bizim üçün pis gün idi. Amma yaxşı ki, hələ də hər şey bizdən asılıdır. Vəziyyəti düzəltmək üçün imkanımız var. Bu matçdakı səhvlərimizə baxacağıq, onları bir daha etməmək üçün çalışacağıq.

- Əsas oyunçularınızdan biri sayılan Bisesvar niyə start heyətində yer almamışdı?

- Son 3 görüşdə ondan qənaətbəxş oyun görməmişdim. Buna görə də, Bisesvara ilk 11-də yer vermədim. İkinci hissədə onu meydana buraxdım. Bu, mənim qərarım idi. Belə olmasını düzgün hesab etdim.

- Komandanızda qələbə istəyi tam olaraq görünmürdü. Bunu nə ilə izah edərdiniz?

- Əlbəttə ki, tam qələbə hirsinin nümayiş olunmamağına heç cür bəraət qazandırmaq olmaz. İlk dəfə idi ki, komandamda bu qədər fəaliyyətsizlik müşahidə etdim. Futbolçularım heç cür toparlanıb, öz oyunlarını göstərə bilmədilər. Rəqibə lazımi təzyiqi yaratmağı da bacarmadıq. Bir sözlə, oyunumuz alınmadı.

- PAOK bundan sonra qrupda nəyə ümid edir?

- Əslində, çətin qrupa düşmüşük. “Qarabağ” və “Fiorentina” kimi komandalarla eyni qrupda oynamaq o deməkdi ki, işimiz asan olmayacaq. Rəqibimizin heyətində qiymətli futbolçular var. Lakin irəliləmək şansımız var. Qarşıda bizi 3 oyun gözləyir və həmin matçlardan ikisini öz meydanımızda keçirəcəyik. Deməli bayaq da dediyim kimi, hər şey özümüzdən asılıdır. Qələbələr qazanmalıyıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.