FİFA-da nələr baş verir və ya BVlatterin məşhur istefası

4-06-2015, 11:46           
FİFA-da nələr baş verir və ya BVlatterin məşhur istefası
FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti Yozef Blatter quruma prezident seçildikdən dörd gün sonra vəzifəsindən istefa verdi. O, FİFA-nın İcrayə Komitəsinin üzvlərindən yaxın zamanda növbədənkənar konfransının çağrılmasını və quruma yeni prezidentin seçilməsini xahiş edib. Blatterin istefası son günlər FİFA rəhbərliyində təmsil olunan şəxslərin adlarının korrupsiya cinayətlərində hallanması ilə bağlıdır.

FİFA rəhbərliyinin adının korrupsiya qalmaqalında hallanması təbii ki, bu quruma olan etimadın azalmasına və FİFA barədə mənfi imicin formalaşmasına səbəb ola bilər. Lakin məsələ tək bununla bitmir və korrupsiya cinayətlərinin arxasında əslində böyük geosiyasi oyunlar dayanır.

Beləliklə mayın 27-də ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, İsveçrə hüquq mühafizə orqanları Sürix şəhərində FİFA-nın 7 nəfər yüksək vəzifəli məmurunu korrupsiya ittihamı ilə həbs edir. Məmurların həbsi FİFA-nın prezidenti seçkilərinə 2 gün qalmış baş verir. Həbs olayı dünya mətbuatında böyük qalmaqallara səbəb olur və Blatterin bundan sonra seçkilərə qatılmayacağı ehtimal olunur. Lakin proqnozların əksinə, Blatter seçkilərdə iştirak edir və rəqibi İordaniya şahzadəsi Əli bin əl-Hüseyndən daha çox səs toplayaraq 5-ci dəfə FİFA-nın prezidenti seçilir.

Yeri gəlmişkən qeyd edək ki, FİFA-nın prezidenti dörd ildən bir milli futbol federasiyalarının gizli səsverməsi nəticəsində seçilir. Blatter 1998-ci ildən bu vəzifəni tuturdu və ard-arda beş dəfə prezident seçilməyə nail olmuşdu.
Blatterin növbəti dəfə prezident seçilməsindən sonra ABŞ-ın bir qrup senatoru FİFA üzvlərinə müraciət edərək Blatterə səs verməməyə və Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatını ləğv edəcək prezident seçməyə çağırıblar. Eyni zamanda Mişel Platini başda olmaqla UEFA (Avropa Futbol Federasiyaları İttifaqı) fəal şəkildə Blatterin seçilməsinə mane olmağa çalışırdı.

Əslində Amerika və Avropa çoxdan Rusiyada 2018-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatının boykot ediləcəyini bildirmişdi. Bunun səbəbini isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə izah edirdi. Hələ 2014-cü ildə ABŞ senatoru Con Makkeyn FİFA rəhbərliyinə Rusiyadakı dünya çempionatının ləğv olunması xahişi ilə müraciət etmişdi. Eyni zamanda anoloji müraciət 2015-ci ilin əvvəlində Makkeyn də daxil olmaqla bir qrup amerikalı senator tərəfindən FİFA-ya göndərilmişdi. Lakin Blatter amerikalı senatorların xahişini nəzərə almamış və Rusiyada dünya çempionatının keçirilməsi ilə bağlı qərarı ləğv etməmişdir.

Yayılan son məlumatlara əsasən Sürixdə adları məlum olmayan daha 14 FİFA məmuru həbs edilib ki, onlar dünya çempionatının 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətərdə keçirilməsi barədə qərarın qəbul olunması üçün həmin ölkələrin xeyrinə öz səlahiyyətlərindən sui-istifadə ediblər.
Bu hadisələrdən bir ay əvvəl isə, Almaniya televiziyasında müəllifi jurnalist Robert Kempe olan “Satılmış futbol” adlı sənədli film nümayiş olunur. Kempe öz filmində sübut edir ki, Rusiya və Qətərin seçilməsi prosesi heç də obyektiv aparılmayıb. Məsələn 2010-cu ildə Rusiya ilə bağlı səsvermə keçirilmə ərəfəsində “Qazprom” şirkətinin törəməsi olan “Qazpromneft AEPO” şirkəti ilə təsisçisi FİFA-nın İcrayyə Komitəsinin üzvü Marios Lefkaritis olan “Petrolina Holdings” arasında ikinci üçün sərfəli olacaq müqavilə imzalanıb. Kempe araşdırma zamanı eyni zamanda müəyyən edib ki, Rusiya tərəfi dünya çümpionatı ilə bağlı aparılan əsas sənədləşmə materiallarını məhv edib.

FİFA-da qərarların qəbul olunmasında korrupsiya hallarına yol veriməsini əslində heç bir tərəf inkar etmir. Bununla bağlı nə Rusiya nə Qətər heç bir bəyanat verməyib. Hər nə qədər Amerika və Avropanın Rusiyaya qarşı ziddiyyətli mövqedə dayandığı bildirilsə də, fakt ondan ibarətdir ki, korrupsiya hallarına yol verilib.

Rusiya prezidenti Vladimir Putin də bu faktları inkar etmir: “Təxmin etmək olar ki, məmurlardan hansısa nəisə pozub. Ancaq Amerikanın buna heç bir aidiyyatı yoxdur, çünki saxlanılan şəxslər Amerika vətəndaşı deyillər. Hansısa hadisə baş versə də bu ABŞ ərazisində olmayıb” deyən Putin əlavə edib ki, “bu öz yurisdiksiyanı başqa ölkələrə tətbiq etmək cəhdidir” Yəni Putini Rusiyanın dövlət şirkəti olan “Qazprom”un korrupsiya məsələsində adının hallanmasından daha çox ABŞ ədliyyəsinin məsələlərə müdaxiləsi narahat edir.

Əslində məsələnin müəmmalı tərəfi korrupsiya faktının mövcudluğu deyil, bu hadisələrin məhz prezident seçkiləri ərəfəsində açıqlanmasıdır. Sual doğuran digər məqam isə, FİFA-da olan ümumi dəyəri 10 milyard dollar təşkil edən korrupsiya faktlarından bu günə qədər elə həmin hər bir məsələdən xəbəri olan Amerikanın məlumatının olmamasıdır.

Ən azından 1997, 1998, 2006-cı illərdəki olaylardan nəticə çıxarıb FİFA-nın fəaliyyətinin nəzarətə götürülməsi mümkün idi. Xatırlatmaq yerinə düşər ki, 1997-ci ildə FİFA-nın o dövrki prezidenti Joao Avelanjın dünya çempionatının yayımı haqlarının verilməsi ilə bağlı rüşvət alması sübut edilmişdi. Blatter həmin vaxt FİFA-nın baş katibi vəzivəsini tuturdu. 1998-ci ildə FİFA-da prezident seçkilərində uduzan UEFA-nın prezidenti Lenart Yoxanson iddia edirdi ki, Blatter öz lehinə səs qazanmaq üçün bir çox federasiya nümayəndəsinə 50 min dollar rüşvət verib. 2006-cı ildə FİFA-nın vitse prezidenti Cek Orner korrupsiya yolu ilə 900 min qazanc əldə etməsini etiraf etmişdi.

ABŞ yaxud Avropa xüsusi xidmət orqanlarının FİFA-da baş verən hadisələrdən, Rusiya və Qətərin obyektiv mübarizə nəticəsində qalib gəlməməsindən məlumatının olmamasını düşünmək sadəlövhlük olar. Güman ki, Ukrayna ilə bağlı Rusiya ilə münasibətləri kəskinləşən ABŞ Rusiyada dünya çempionatının ləğv edilməsini istəyib. Lakin bunun hazırki formada deyil, dünya ölkələrinin futbol federasiyalarının birgə qararı kimi ortaya çıxmasını Blatterdən xahiş edib, əks halda korrupsiya faktlarının ortaya çıxacağı xəbərdarlığını edib.

Blatter prezident seçkilərində tətbiq etdiyi mexanizm vasitəsilə FİFA-da belə bir qərarın qəbuluna nail ola bilərdi. Qərarın bu formada çıxması Rusiyanın beynəlxq izolyası görüntüsünü yaradacaq və Putin rejiminə sağalmaz imic yarası vuracaqdı. Lakin Blatter korrupsiyada ittiham olunacağını bilə-bilə bu addımı atmadı. Bəlkə də, təcrübəli Blatter Rusiya xüsusi xidmət orqanlarının qisasınından ehtiyatlandı.

İstefa verəcəyini bilə-bilə yenidən seçkiyə gedib dörd gün sonra istefa verməsi isə Rusiya üçün vaxt qazanmaqla bağlı ola bilər. Çünki, FİFA-nın növbəti konfransının 2016-cı ilin əvvəlində keçirilməsi planlaşdırılır. Növbədənkənar konfransın keçirilməsi isə bir neçə ay vaxt ala bilər. Üstəgəl qərarların dəyişdirilməsi, yeni icrayyə komitəsinin seçilməsi və s. kimi bürokratik məsələlərin həlli ən azı çempionatın ləğvi barədə qərarın yaxşı halda ilin sonunadək uzanması deməkdir.

Yeni seçiləcək prezidentin dünya çempionatını ləğv etmək üçün bütün federasiya prezidentlərinin razılığını alması da sual doğurur. Vaxtın uzanması isə 2018-ci il dünya çempionatının yerinin dəyişdirilməsini texniki cəhətdən mümkünsüz edir. Çünki yeni seçiləcək ölkə üçün idman obyektlərinin qurulmasına çox az vaxt qalır.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.