AĞ yalanla başlayanlar, QARA ləkə ilə Azərbaycandan gedənlər
2-11-2016, 15:02
"Neftçi" hazırda çox pis vəziyyətdədir. Bu cümlə heç kimə sirr deyil. Klub çoxdandır ki, uğursuzluqlarla mübarizə aparır, lakin çıxa bilmir ki, bilmir.
Bu uğursuzluq fonunda "Neftçi"də icraçı direktor postunun siçan-pişik oyunu kimi dəyişdirilməsi də gözdən qaçmadı. Daha doğrusu, gözdən qaçırmaq istədilər. Ancaq arif adamlar üçün bu keçməz. Hamının başı rumın futbolçu Ketelin Sırenin "Neftçi" azarkeşinə yumruq atmasına qarışan gün AFFA-nın adamı Orxan Hüseynzadənin başqa bir xətlə kluba gəlmiş Elnur Eyvazovu əvəzlədiyi xəbəri boşuna yayılmadı.
Mətbuat bu anadək axı Elnur Eyvazovun o klubda əsas söz sahibi olmadığını bəribaşdan qeyd edirdi. Tənqidləri azaltmaq üçün həmin gün əla fürsət idi. Heç kim "Neftçi"dən haqq-hesab çəkmədi ki, ay balam, Hüseynzadəni icraçı direktor gətirirdinizsə, bəribaşdan elə o vəzifəyə qoyardınız da. Nə özünüzdən idman direktoru postu uydurub onu komandaya gətirirdiniz?
Hadisələrin bu gedişatı xəbər verir ki, klanlar arasında müharibədə hansısa tərəf güzəştə gedib, barışıq aşı bişirilib, hətta yeyilib də. Ortada isə klanların savaşının güdazına gedən Elnur Məmmədov olub.
Orxan Hüseynzadə isə gələn kimi özünü yaxşı tərəfdən azarkeşlərə göstərmək istəyib. Deyib ki, Ketelin Sıre qələt edib, azarkeşi vurub, biz onunla müqaviləni pozuruq. Azarkeşin qəlbində taxt qurmaq istəyən Hüseynzadə bir yalan da guppuldadıb ortaya. Ki, onun bu aykı maaşını verib yola salırıq Rumıniyaya.
Gözünə döndüyüm Sıre də Hüseynzadənin yalanını həməncə mətbuatda açıb töküb ortaya. Deyib ki, nə 1 ay, qarşıdakı 2 ayın da maaşını almışam. Yəni, oynamadığım noyabr və dekabr aylarının.
Bu dəfə ortada qalan isə Sırenin yumruqlarının hədəfi olmuş Nurlan Əziz adlı azarkeş olub. Adam çaşbaş içində qalıb ki, onu qovacaqdınızsa, mən niyə barışırdım. Elə barışınca içdiyim çayı onun başının üzərindən tökərdim ki, qaynar başla adam necə döymək olduğunu göstərim.
Elə ortada peşman olan da Rəhman Hacıyevdir. "Neftçi"nin bu futbolçusu deyib ki, Nurlan mənim üzərimə gəlsəydi, mən də Sıre kimi edəcəkdim. Yəni, azarkeşi şil-küt edəcəkdi. Sonra da deyib ki, rumın legioner səhv hərəkət edib. İndi özü çaşbaş içindədir. Bir yandan vurana haqq qazandırıram, digər yandan vuranı pisləyirəm. Bu necə olur, alə?!
Klubda çoxları bu çaşqınlıqdan çıxış yolunu dekabrın 31-i gözüylə görür. Abrımız ətəyimizdən töküldü, bu II dövrə bitsəydi...
Qaynarinfo.Az