Azərbaycanın iki qadın boksçusu Avropa çempionatının finalına çıxıb
23-11-2016, 09:17
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının yarımfinal görüşləri başa çatıb.
teref.az Report-a istinadən xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Yelena Vıstropova rusiyalı boksçu Səadət Abdullayevanı mübarizədən kənarlaşdırıb. Boksçumuz finalda türkiyəli Sema Galiskanı sınağa çəkəcək.
Yarımfinalda mübarizə aparan digər qadın boksçularımız Leyla Cavadova (81 kq) türkiyəli Elif Günerə, Aynur Rzayeva (+81) isə rusiyalı Zemfira Maqomedaliyevaya məğlub olaraq finalın bir addımlığında mübarizəni dayandırıblar. Hər iki boksçumuz Avropa çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Anna Əlimərdanova da yarımfinalda fransalı Delfin Mançinilə döyüşdən qalib ayrılaraq adını finala yazdırıb. Həlledici qarşılaşmada onun rəqibi ev sahibi Stanmiria Petrova olacaq.