“Eurosport-un biganəliyi heç cür başa düşülən deyil” – Rövşən Binnətli

22-06-2015, 21:08           
“Eurosport-un biganəliyi heç cür başa düşülən deyil” – Rövşən Binnətli
İlk Avropa Oyunlarının ən isti və həyəcanlı günləri yaşanır. İdmançıların hazırlıqları və qələbələri ilə yanaşı, bu oyunlardan birbaşa yayım verən kanalların da üzərinə böyük məsuliyyət düşür. Tanınmış teleşərhçi Rövşən Binnətli ilə ilk Avropa Oyunlarının xarici və yerli telekanallarda necə yayımlandığı ilə bağlı müsahibə apardıq.

Rövşən Binnətli Hafta.az-a açıqlamasında vurğuladı ki, bu oyunları daha çox Rusiya və Türkiyə kanallarından izləyir.

- Xarici kanalların ilk Avropa Oyunlarının yayımlanması işini necə təşkil edib? Onların birbaşa yarış meydanlarından hazırladıqları reportajlardan razısınızmı?

- Mən Türkiyənin "NTVspor" və qismən də Rusiya kanallarının Avropa Oyunları ilə bağlı yayımlarını izləyirəm. Türkiyə "NTV"si yarış başa çatan kimi media üçün ayrılan zonaya yaxınlaşıb, canlı müsahibələrə çıxırlar. Dərhal idmançılara öz suallarını ünvanlayırlar. Məsələn, karate yarışları bitəndən sonra mükafatçılar siyahısına düşmüş idmançılarla, məşqçilərlə, federasiyanın prezidenti ilə müsahibələr apardılar. Avropa Oyunlarının Türkiyə telekanallarında yayımlanması çox operativ şəkildə həyata keçirilir. Həm də Bakıdakı təşkilatçılıq işini qabardırlar. Onların işində hər hansı bir qüsur və ya nöqsan görmürəm. Həmçinin qeyd edim ki, Türkiyə "NTV"si öz ölkələrinin idmançılarını daha çox təbliğ edirlər. Bir nüansı da qeyd edim ki, xarici telekanallar daha çox tamaşaçılar arasında populyar olan idman növlərini yayımlayırlar. Bu da ölkələrə görə fərqlənir. Bu da qəbul olunandır.

- Rusiya kanallarında vəziyyət necədir?

- Rusiya kanalları da daha çox öz idmançılarının görüşlərini yayımlayırlar. Digər yarışların yayımına çox da diqqət yetirmirlər.

- "Eurosport" Avropa idmanının təbliğində ön mövqelərdə durur. Belə bir kanalın ilk Avropa Oyunlarına biganəliyini nə ilə izah etmək olar?

- Bu məsələ mənə də qəribə gəlir. Təəssüf ki, "Eurosport" kanalını xüsusi qeyd etmək lazımdır. Bu kanal əsasən Avropa idmanının yayımı ilə məşğul olan bir qurumdur. Onların xəbərlərində Bakı 2015-ə çox az yer verilir. Bu heç cür başa düşülən deyil. Onlar ilk Avropa Oyunlarına çox biganə yanaşırlar. Bu onlar üçün çox böyük qüsurdur. Bakı 2015-ə çox cüzi yer ayırırlar. Xəbər buraxılışında isə ümumiyyətlə, yer ayırmırlar. Axı onlar Avropa idmanının təbliğini öz üzərilərinə götürüblər?!

- Bəs yerli televiziyalarımızın bu oyunları işıqlandırmasında hansı qüsur və üstünlükləri görürsünüz?

- İlk Avropa Oyunlarını yayımlayan yerli televiziya şərhçilərimizin də yayıma hazırlıqsız gəldikləri açıq–aşkar hiss olunur. Hansı növdə yarışlar yayımlanacaqdısa, onlar mütləq şəkildə şərhçilər arasında bölünməli idi. Hiss olunur ki, bu bölgü aparılmayıb. Hazırkı şərhçilərimiz əsasən futbol üzrə ixtisaslaşanlardır. İndi də müxtəlif idman növlərini şərh edirlər. Hiss olunur ki, həmin idman növlərində ən adi şeyləri bilmirlər. Deməli, əvvəldən kanal səviyyəsində hazırlıq olmayıb. Taekvandonu aparan şərhçi translyasiya zamanı başqa idman növünü şərh edərkən ona keçid alır. Ümumilikdə götürdükdə bunun özü də gələcək yarışlar üçün bir təcrübədir. Şərhçilərimizi qınamaq olmaz. Çünki Azərbaycan ilk dəfə belə bir mötəbər yarışlara ev sahibliyi edir. Gələcəkdə bizim şərhçilər də daha fərqli çalarlara malik reportajlar hazırlaya biləcəklər. Bu baxımdan Bakı 2015 yaxşı təcrübədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.