“Araz”ın baş məşqçisi: “Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq”

13-10-2017, 08:58           
“Araz”ın baş məşqçisi: “Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq”
“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdür, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər".
"Report"un məlumatına görə, bunu "Araz"ın baş məşqçisi Joze Alesio da Silva UEFA Kubokunun ikinci turunda Malta çempionu “Sent Endryus”a 6:4 hesabı ilə qalib gəldikləri oyundan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı mütəxəssis bildirib ki, rəqib son şansı olduğundan, qarşılaşmada bütün gücünü səfərbər edib:
"Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik".
Da Silva “Deva”ya qarşı son oyunun “Mostar” və “Sent Endryus”la qarşılaşmalardan daha çətin keçəcəyini söyləyib:
"Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. 13 oktyabr oyun günü deyil. Rəqibin oyununu alaniz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.
"Araz" 2 oyundan sonra 6 xalla qrup lideridir. Son turda Azərbaycan təmsilçisinə Rumıniya "Deva"sı ilə görüşdə heç-heçə də kifayət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.