AFFA-dan Qəbələdəki qalmaqalla bağlı sərt qərarlar

21-02-2018, 22:57           

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Axar.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçı bitəndən sonra baş verənlər - futbolçular arasında kütləvi dava geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən müvafiq qərarlar çıxarıb.

Məlum olub ki, “Qəbələ”nin futbolçuları Qismət Alıyev, Cavid Hüseynov, “Zirə”nin futbolçuları Riçard Qadze, Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.

Bundan başqa, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

İK “Qəbələ” klubunu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələyib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunur

Bundan başqa, “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.