Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək
24-02-2018, 09:27
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
“Report” xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.
Açılış matçı debütant “Səbail” ilə ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” arasında olacaq. Bu kollektivlər cari mövsümdə 5-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmalardan 2-si Premyer Liqa, 2-si isə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində olub. Bütün görüşlərdə rəqibini üstələyən qonaqlar hazırda 35 xalla 2-ci, meydan sahibləri isə 14 xalla 6-cı pillədə qərarlaşıb.
Günün digər oyunu “Neftçi” və “Zirə” komandaları arasında olacaq. “Qartallar”ın 31 xalla-cü, “ağ-qaralar”ın isə 19 xalla 5-cu sırada olmaları öz yerində, “Zirə” “Neftçi” üçün ən arzuolunmaz rəqibdir. Ölkənin ən qocaman komandası heç vaxt ölkə çempionatlarında bu rəqibi məğlub edə bilməyib. Zirəlilər əvvəlki 10 oyundan 8-də qalib gəlib.
“Neftçi” üçün yeganə müsbət məqam cari mövsümdə Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”ni mübarizədən kənarlaşdırmasıdır (0:1, 2:0). Ancaq bakılılar avrokuboka düşmək üçün çempionat varinatını da gözardı etməməlidirlər.
Fevralın 25-də baş tutacaq ilk görüşdə lider “Qarabağ”la autsayder “Kəpəz” üz-üzə gələcəklər. Hazırda 41 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu 7 xalla sonuncu – 8-ci yerdə olan Gəncə təmsilçisi ilə dueldə aşkar favoritdir. Bu kollektivlərin əvvəlki 47 qarşılaşmadan 24-də “Qarabağ”, 14-də isə “Kəpəz” 3 xal əldə edib. Lakin gəncəlilər 22 oyundur qələbə qazanmır. Son 5 oyunda ağdamlılar qalib gəlib.
Turun son matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Bu görüş turnir cədvəlində irəliləmək üçün meydan sahibləri üçün əla fürsətdir. Hazırda 12 xalla 7-ci pillədə qərarlaşan “Keşlə” “Qəbələ”ni qəbul edəcək “Səbail”dən 2 xal geri qalır. “Sumqayıt” isə 24 xalla 4-ci yerdədir.
Bu komandalar arasında çempionat qarşılaşmalarının statistikası “Keşlə”nin lehinədir. Əvvəlki 22 oyundan 12-də qələbə qazanan meydan sahibləri, 3 dueldən məğlub ayrılıblar. “Keşlə” son 11 görüşü qolsuz tərk etməyib. Son 5 matçda meydan sahibi tərəf uduzmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
24 fevral (şənbə)
16:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
“Bayıl Arena”
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena”
25 fevral (bazar)
15:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
18:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Azersun Arena”