İdmançılarımızdan möhtəşəm qələbə: 5 qızıl, 2 gümüş..
26-02-2018, 09:20
Fevralın 25-də Tiflisdə WK-1 idman növü üzrə Avrasiya çempionatında peşəkar idmançıların yarışı olub.
Axar.az xəbər verir ki, Azərbaycan idmançısı Murad Babayev 71 kiloqram çəki dərəcəsində Gürcüstan idmançısı Qote Qureşidze ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən M.Babayev Avrasiya kubokunun qalibi olub.
Peşəkar rinqdə mübarizə aparan digər idmançılarımız Babək Qəmbərov və Sənan Qasımov isə çempionatın gümüş medallarına sahib olublar.
Murad Babayev açıqlamasında deyib: “Bu yarışa ciddi hazırlaşmışdıq. Bunun nəticəsidir ki, yarışda rəqiblərimə qalib gələrək Azərbaycan bayrağını başım üzərinə qaldıra bildim. Bu qələbəmə görə, məşqçim Yaqub İbrahimova minnətdaram. Uğurlarımız bundan sonra da davam edəcək”.
Yarışın əsas təşkilatçısı, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov da yarışa ciddi hazırlaşdıqlarını bildirib: “Çox sevindirici haldır ki, bu gün həvəskar idmançılarımızdan 4-ü, peşəkar idmançılarımızdan isə 1-i qızıl medal qazandılar. Daha iki idmançımız isə peşəkar yarışın gümüş medalına sahib olublar. Bizi qarşıda daha çətin mübarizə gözləyir. Aprel ayında Bakıda həvəskarlar arasında beynəlxalq turnir, Özbəkistanda isə peşəkar idmançılar arasında reytinq döyüşləri keçiriləcək. Məqsədimiz hər iki yarışda Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, ölkəmizin idman şərəfini qorumaqdır. İnanıram ki, məqsədimizə nail olacağıq”.
Gürcüstan WK-1 idman federasiyasının prezidenti Soso Gelaşvili də çempionatından razılığını ifadə edib. Bildirib ki, idman dostluğumuzun möhkəmlənməsində də mühüm rol oynayır. “Azərbaycan idmançıları bu çempionatda çox yüksək peşəkarlıq nümayiş etdirdilər. Mən, həmçinin çempionatın təşkilinə görə Azərbaycan tərəfinə də minnətdarlığımı bildirirəm. Bizim əməkdaşlığmız bundan sonra da davam edəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Avrasiya çempionatı ilk dəfə Gürcüstanda keçirildi. Bu yarışmada həvəskarlar arasında Azərbaycanın dörd idmançısı qızıl medal qazanıblar.