“Qarabağ”ın Avropa Liqasındakı hədəfləri açıqlandı
31-08-2018, 07:51

"Nəticəni öz xeyrimizə dəyişmək üçün əlimizdən gələni edə biləcəyimizi ilk matçdan sonra bilirdik. Şükürlər olsun ki, bu gün oyunumuz yaxşı alındı. Məncə, bu qələbəyə ehtiyacımız var idi. Buna sizin də ehtiyacınız var idi. Nəticə ürəyimizcə oldu. Biz bu nəticəyə görə çox şadıq. Bütün “Qarabağ” kollektivini, azarkeşlərini təbrik edirəm”.
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki hədəflərini açıqlayıb:
“Biz hər zaman bütün yarışlarda ən üst nəticəni özümüzə hədəf qoyuruq. Eləcə də Avropa Liqasında. Onsuz da, işimiz, hər şeyimiz buna görə qurulur”.
Çəlikəl klub rəhbəri Tahir Gözəlin “Şerif”lə oyunu stadiondan izləməməsinə də aydınlıq gətirib:
“Tahir bəy hamıya salamlarını göndərdi. Vacib işləri ilə əlaqədər olaraq burada deyildi. Ancaq biz onunla görüntülü danışdıq, sanki burada kimi idi”.
Ə. Çəlikəl qruplarda BATE ilə düşmək ehtimalını da dəyərləndirib:
“Qismətimizdə hansı klublar varsa, onlar düşəcək. BATE də olmasa, kim olur olsun, bizim hədəfimiz maksimum nəticə əldə etməkdir. Bu gün arxamızda çox gözəl azarkeş ordusu var idi. Nəticədə bunu da çox böyük təsiri oldu. Mən də bütün “Qarabağ” sevərlərə təşəkkür edirəm, onları ürəkdən təbrik edirəm”.
Klub direktoru son olaraq, transfer məsələlərinə də nəzər yetirib:
“Transfer məsələsində Qurban müəllim tam səlahiyyət sahibidir. Bu günə kimi onun istədiyi futbolçuları gətirmişik. Sabaha qədər gözləyək, hər hansı transfer olsa, yəqin ki, biləcəksiniz. Transfer pəncərəsinin bağlanmağına bir gün qalmış olsa da, lazım olanda, transferi bir günə də tamamlamışıq. Əgər belə bir şey olsa, sizlərlə də bölüşəcəyik”.