Səhiyyə Nazirliyi 118 saxta diplom aşkarladı
6-11-2015, 16:47
\“2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sənədlərin araşdırılması prosesi zamanı 118 saxta diplom aşkar olunub. Aşkarlanan diplomların əksəriyyəti orta təhsilə aiddir”.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda deyilir ki, ümumilikdə araşdırma nəticəsində, 118 saxta diplom aşkar olunaraq toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib: “Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.
Qeyd olunub ki, 2011-ci ildən başlayan tibb işçilərin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən tibb peşəli şəxslərin sənədləri yoxlanaraq bir sıra saxta və ya hüquqi əsası olmayan təhsil müəssisələri tərəfindən verilmiş diplomlar aşkar olunub: “Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin baxılması zamanı sənədlərin yoxlanması üçün aidiyyəti olan tibb müəssisələrinə sorğu göndərilir. Sorğuların cavabı sənədin əsassız olduğunu təsdiqləyirsə, faktla bağlı bütün sənədlər Hüquq və Daxili Nəzarət şöbəsinə və oradan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.
Eyni zamanda vurğulamaq lazımdır ki, 2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il martın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Qanunun tətbiq olunması və saxta sənədlərin istifadəsinə görə vətəndaşların məsuliyyətə cəlb olunması saxta diplomların sayını tədricən azaldacaq”.