“Küçədən basıb keçib oturdular yuxarı başda” - İTTİHAM

2-09-2019, 18:26           
“Küçədən basıb keçib oturdular yuxarı başda” - İTTİHAM
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov AXC-Müsavat hakimiyyətini tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, İlqar Məmmədov mövcud vəziyyəti AXC-Müsavat hakimiyyətinin inqilabi yolla iqtidara gəlməsilə əlaqələndirib.

“1991-ci ilin yanvarı. Bakıya tətilə qayıtmışdım. 20 yaşım vardı. Bir gün təsadüfən parlamentin müxalifətdən olan deputatını gördüm. İstədim ona yaxınlaşıb ürəyimi boşaldım: "Mütəllibov özünü tam gözdən salıb, niyə onu devirmirsiniz, nəyi gözləyirsiniz? Devirin onu, bitsin məsələ!". Sonra nədənsə fikrimdən daşındım.

Üstündən 1 il 4 ay keçdi - hə, devirdilər. Ürəyim istədiyi kimi! Seçkisiz-filansız, küçədən basıb keçib oturdular yuxarı başda, mən də çox sevinirdim. Qanun küçə-meydandır, küçə-meydan qanundur, “urra”, demokratiya!

Üstündən daha 1 il keçdi. Təhsilimi başa vurub 1993-cü ilin iyununda qayıtdım Bakıya. Bu dəfə bir başqası küçədən hakimiyyətə yürüyürdü.

Dünən küçədən basıb hakimiyyətə gələnlər indi bir qanunpərəstə çevrilmişdilər ki!!! Qanunun hər hərfindən, hər vergülündən yapışırdılar ki, bəlkə yerlərində qalalar.

Mən də onların tərəfində boğazımı cırırdım ki, ah, prezident Kələkidə Azərbaycan ərazisindədir, onu səlahiyyətlərindən məhrum etmək olmaz, nə bilim nə”,- deyə İlqar Məmmədov bildirib.

REAL sədri daha sonra vurğulayıb ki, bu yaxın tarixdən ibrət götürülməlidir: “Bu tarixçədən dərs çıxarmaq çox vacibdir. Meydanlardan hakimiyyətə gəlməyin bircə mövsümü var - seçkidə haqqınız oğurlandığı mövsüm. Qalan hamısı - sadə coşqun fəalların həyatını vicdansızcasına xərcləyən avantürizmdir”.

“Yeni Sabah” xatırladır ki, bir müddətdir REAL-la digər müxalifət partiyaları arasında seçki mövzusunda müzakirələr gedir. İlqar Məmmədovun seçkiyə getməyin tətəfdarı olsa da, digər müxalif təşkilatlar boykot taktikasına və inqilabi dəyişikliklərə üstünlük verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.