İraqda toqquşmalarda 11 nəfər öldürüldü, onlarla yaralı var - YENİLƏNİB

6-02-2020, 08:09           
İraqda toqquşmalarda 11 nəfər öldürüldü, onlarla yaralı var - YENİLƏNİB
İraqın Nəcəf şəhərində baş verən toqquşmalarda azı 11 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə Nəcəf əyalətinin səhiyyəsindəki mənbəyə istinadən "Baghdadtoday" portalı xəbər verib.

Yerli KİV-in məlumatına görə, nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar "əs-Sadreyn" meydanında olub.

"Nəcəfdəki hadisələrin qurbanlarının sayı 11-ə çatıb, 5 nəfərin kimliyi müəyyənləşdirilməyib", - mənbə portala bildirib. Bundan əlavə, mənbə əlavə edib ki, şəhərin xəstəxanalarına 71 yaralı çatdırılıb.

Daha əvvəl toqquşmalar zamanı 85 nəfərin xəsarət aldığı bildirilirdi.

***00:00

İraqın cənubundakı Nəcəf əyalətinin eyniadlı şəhərində nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən "Al-Sumaria" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, toqquşmalar zamanı azı 85 nəfər xəsarət alıb.

"85 nəfərin xəsarəti qeydə alınıb, onlardan bəziləri əyalət mərkəzi Nəcəfdə ciddi yaralanıb", - mənbə telekanala bildirib.

İraqda 2019-cu ilin oktyabrından davam edən etirazların gedişatında nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.