"The Press and Journal"ın reportajı: - "Şuşa yarıuçuq binaların bol olduğu tərk edilmiş şəhərdir"
27-04-2015, 12:18
Ermənistanın işğalında olan Azərbaycan şəhəri Şuşa bu gün yarıuçuq binalarla dolu tərkedilmiş yerdir.
Trend-in məlumatına görə, bu barədə Şotlandiyanın nüfuzlu “The press and Journal” qəzetində dərc olunan məqalədə deyilir.
“Şuşanın yerli sakinləri sovet tipli boz evlərdə yaşayır ki, bu binalar istənilən an uça bilər”, - deyə məqalədə yazılıb. Müəllif qeyd edir ki, Ermənistanın işğalında olan Xankəndidən taksi ilə Şuşaya yollanıb, şəhərin mərkəzində dayandıqdan sonra piyada gəzmək qərarına gəlib.
Məqalədə şəhərdəki bütün binaların bərbad vəziyyəti, yolların iri çalalarla bol olduğu vurğulanır: “Biz Azərbaycan məscidinə baş çəkdik, məscidin divarları pulemyot güllələrindən deşik-deşik idi. İçəridə ölü sükut var idi, güllələnmiş döşəmələrdən torpaq boylanırdı”.
Müəllifin sözlərinə görə, Şuşadan Xankəndinə qayıtdıqdan sonra son günlərdə Ermənistan xüsusi xidmətlərinin əməkdaşları onu küçədə zorla tutub saxlayıb sorğu-suala çəkiblər.