GDU-dan mətbuata müraciət

5-05-2016, 17:06           
GDU-dan mətbuata müraciət
Hörmətli həmkarlarım!
Bilirsiniz ki, hamınız azərbaycanlı kimi mənə əzizsiniz. Sizin peşənizə hədsiz rəğbətim var. Ona görə də bir məsələni sizinlə dərdləşmək istərdim.
Son günlər Anaxəbər.az, Pia.az və Xalqxəbər.az saytında “Çovdarovun GDU-kı bu adamı indi də Mədət Quliyevin adından görün nələr edir...”,Yenicag.az saytında “Killer generalın Gəncədəki əsas adamı kim olub?”, Jam.az və Azfakt.com saytında “GDU-nun prorektorunun müdhiş maxinasiyaları”, Azərbaycaninfo.az saytında ”GDU-da Şok karrupsiya faktları : “ 18 mantlıq qurğunun biri 92 manata rəsmiləşdirilib”, “GDU-nun talançı prorektoru … Fəxrəddin Həsənov kimdir?” başlıqlı yazılar dərc olunmuşdur. Hətta yazılır ki,
“GDU-nun prorektoru Fəxrəddin Həsənov hazırda həbsdə olan və bir çox müdhiş cinayətlərdə ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun bir nömrəli adamı olduğu iddia olunur.”
Bax bu olmadı. Day bu qədər də yox. Hər bir sayta məlumat daxil ola bilər. Müxtəlif xarakterli, müxtəlif məqsədli. Jurnalistin böyüklüyü, obyektivliyi ondadır ki, faktları yoxlamamış, “belə deyillər” ifadəsi altında fikir yürütməsin, yaxud hökm verməsin. Hər bir fikrin, hökmün arxasında insan, azərbaycanlı şəxsiyyəti dayanır.
Öz-özümə düşünürəm, bu fikir kimin ağlına gəlib? Fəxrəddin Həsənov hara, Çovdarov hara? Fəxrəddin Həsənov heç Çovdarov soyadlı adam tanıyırdımı? Heç onun üzünü birçə dəfə də olsa görmüşdümü? Qocalar demişkən, a tövbə. Görəsən, bu tip məlumatı saytlara ötürən azca da olsa xəcalət çəkirmi? Yoxsa “xəcalət” ifadəsi ona tamamilə yad əcnəbi sözüdür?
Fəxrəddin Həsənov haqqında digər deyilənləri üzə gətirmirəm. Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələrin rəhbəri kimi yox, sadəcə sizin həmkarınız kimi deyirəm: Fəxrəddin Həsənov olduqca səmimi, işini bilən, gecə-gündüz nəinki Universitet, həm də şəhərimizin abadlığı üçün çalışan, heç kimin xətrinə dəyməyən,dövlət malına əl uzatmaqdan hədsiz çəkinən bir insandır. Sözün həqiqi mənasında GDU haqda yazılanlardan ilk dəfə Fəxrəddin Həsənov haqqında deyilənlər qəlbən məni incitdi. Mənim facebook dostluğumda 40-dan çox saytın əməkdaşı və redaktoru var. Hər biri ilə də səmimi münasibətim davam edir. Ona görə də sizdən xahiş edirəm, Fəxrəddin Həsənov haqqında deyilənlərin üstündən xətt çəkin. Kim o məlumatı verirsə, səmimi bir insana, vəzifə sahibinə böhtan atır.
Hörmətlə Maqbet Əhmədov.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.