“Dostluq” parkına görə tutulan xalq artistinin kürəkənidir - Məhkəmə
25-06-2015, 15:19
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə şübhəli bilinən iş adamı - 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, məhkəmə T.Hüseynov barəsində 16 iyun 2016-cı il tarixində Xətai Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Məlum olduğu kimi, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb.
Qeyd edək ki, həbs olunan T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq İsmayılovun kürəkənidir.