(MSN) Telemexanika Zavodunda partlayışda 1 nəfər ölüb 20 dən çox yaralı
6-07-2015, 15:17
Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.
Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.
***
saat 13:32
Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.
***
Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə bildiriblər ki, bu gün Nazirliyin Şirvan şəhərindəki Telemexanika Zavodunda istehsalat qəzası baş verib.
Qəza zamanı zavodun sexlərindən birində partlayış qeydə alınıb.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Telemexanika" zavodu 1981-сi ildə "Сihazlar" zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə "Сihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.
2006-сi ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.
"Telemexanika" zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi ücün сihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. Zavodda ümumilikdə 245 nəfər işçi çalışır.
XXX
Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.
Stansiyadan bildirilib ki, qəza zamanı yaralananlar olsa da, onların sayı barədə hələlik məlumat yoxdur. Hazırda briqadanın əməkdaşları hadisə yerindədirlər.
XXX
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə 5 həkim briqadası gedib.
Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.
***
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda bu gün baş vermiş güclü partlayışda yaralananlara kömək göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Şirvana həkim briqadaları göndərilib.
Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Lilya Bayramova məlumat verib.
L.Bayramovanın sölərinə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hazırda 19 yaralı yerləşdirilib: “Yaralananların bəziləri yanıq xəsarəti alıb, bəziləri isə toksiki zəhərlənmədən əziyyət çəkir. Həkim briqadaları ilə yanaşı əraziyə xeyli təcili yardım maşınları da gedib. Hazırda tibbi yardım maşınları hadisə yerində gözləyirlər”.
* * *13:15
Bu gün saat 12 radələrndə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib.
Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən virtualaz.org saytına bildirildiyinə görə, partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.
“Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”- deyə növbətçi hissədən bildiriblər.
Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.
Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.