Azər Kərimlinin prezidentə yalanı faş oldu: “Dostluq”da villası varmış
19-10-2015, 16:40
Ekologiya düşməni kimi ad çıxaran deputatın daha bir qanunsuz əməli de-şifrə olunub. Qaxda yaşıllıqlara qənim kəsilmiş millət vəkili Azər Kərimlinin paytaxtdakı “Dostluq” parkında villası olduğu üzə çıxıb
Deputatın İtaliyadakı mebel biznesinə görə Qax meşələrini kütləvi şəkildə məhv etməsi azmış kimi sözügedən parkda da yaşıllıqlara divan tutub.
Mebel biznesindən qazandığı milyonlar sayəsində “Dostluq” parkında özünə malikanə tikdirən A.Kərimli prezidentin bu məsələyə qəzəblənməsindən sonra təlaşlanıb. Deputat milyonluq imarətinin sökülməsi təhlükəsi bir yana, adının dövlət başçısının cəzalandıracağı məmurlar siyahısında yer almasından həyəcanlanıb. A.Kərimlinin əl-ayağa düşdüyünü bildirən məlumatlı qaynaq iddia edir ki, deputat qurtuluşu üçün himayədarlarına müraciət edib.
Qaxda və “Dostluq” parkında təbiətə düşmən kəsilən millət vəkilinin villasını ört-basdır etmək üçün hamiləri hərəkətlənib. A.Kərimli himayəçilərindən onu qorumalarını xahiş edib. Mənbə iddia edir ki, deputat həmin villasını himayədarlarına təhvil vermək istəyib.
TİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, prezidentin bu məsələni araşdırmasından sonra A.Kərimlinin kuratorları villasını gizlədib, onun adını açıqlamayıblar. Deputatın üzərindən “şimşək”ləri çəkən havadarları təhlükə sovuşar-sovuşmaz ona sərbəst fəaliyyət göstərə biləcəyini arxayınlaşdırıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 20-də Azadlıq prospektində yanan yaşayış binası ilə bağlı yaradılmış dövlət komissiyasının iclasında “Dostluq” parkındakı villalardan danışıb. Sitat: “İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur.
Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyktləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq" parkında ağacları qırırlar, villalar tikilir.
Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın... Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir.
Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun.
Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər".
Mənbə qeyd edib ki, bu çıxışdan sonra A.Kərimli də öz villasının arxasından çıxmağa cəsarət etməyib. Deputatın öz villasına sahib çıxması həmin dövrdə “kəlləsinin getməsi” ilə nəticələnə bilərdi.
Əldə etdiyimiz xəbərə görə, bütün bunların ardınca parlament seçkilərində iştirakı son məqama qədər dəqiqləşməyən A.Kərimlinin mandat şansı hələ də sual olaraq qalır. Çünki onun namizəd olduğu dairədən Əhməd Şahidov və Paşa Məmmədovun da qalib olmaq perspektivi var.
Onun Milli Məclisdə hər hansı mövzuda çıxış etməsi, fəallıq göstərməsi, Qarabağ münaqişəsindən danışması, təkliflər irəli sürməsi xatırlanmır. Parlamentdə biznesmen deputatların əksəriyyəti susqunluğu ilə ad çıxarıb.
O cümlədən A.Kərimlinin də qeyri-fəallığı onun növbəti dəfə mandat alacağını sual altında saxlayıb. A.Kərimliyə edilən şikayətlərə isə nə baxılır, nə sakinlər qəbul edilir, nəinki parlamentdə qaldırılır.
Qaynağımız bildirir ki, deputatdan narazılıq edən sakinlər onu axtarır. O da deyilir ki, A.Kərimlinin başı möhkəm biznes işlərinə qarışıb. Deputatın qoz ağacı biznesində şıdırğı mənfəəti var. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur.
Onu da deyək ki, A.Kərimlinin imici yerlə bir olub. Qaxın Əlibəyli kəndinə görüşə gedən deputatı yerli sakinlər “lapatka” ilə qarşılayıblar. Əlibəyli kənd sakinləri deputata “Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan” deyərək Azər Kərimlini kənddən qovublar.
Deputatı görüş zamanı müşayiət edən icra hakimiyyətinin nümayəndələri və bələdiyyə sədri işə qarışıb, əhalini sakitləşdirə bilib. A.Kərimlinin isə seçiciləriylə görüşmək planı baş tutmayıb. Qeyd edək ki, Azər Kərimli bu dəfə də namizədliyini 112 saylı Qax seçki dairəsindən verib.(tia.az)