İcra başçısı bu bazardan nəsə alarmı? - Göyçayda bazar biabırçılığı + FOTOLAR
26-10-2015, 21:21
“Dəhşətdi, biabırçılıqdı, bu toz-torpağın içində də meyvə-tərəvəz, ət, balıq satarlar? Nə qədər yazmaq, demək olar? Biz fikrləşdik ki, Mübariz Ağayev icra başçısı təyin olunandan sonra bu rəzalətə son qoyular, amma yenə də davam edir. Bir dəfəlik Bilək ki, bura avtobazadır, bazardır, ya zəhər plantasiyası». Bunu Savash.org-a Göyçay rayon sakini İbrahim kişi deyir.
Deyir, hər gün də olmasa, həftədə iki dəfə bu bazara gəlir, mer-meyvə, digər məhsullar alır. Hələ indi yaxşıdır deyir, yağış yağandan sonra palçıqdan yerimək mümkün olmayacaq. “Bu bibarçılığı isə buradan yığışdıran yoxdur hələ”.
İbrahim kişi haqlıdır. Göyçay bazarında sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürür. Bazarda kənd təsərrüfatı məhsulları sanitar-gigiyenik qaydalara əməl edilmədən torpağın üstündə satılır. Əslində bura bazar yox, “Göyçay-Avtonəqliyyat” MMC-nin ərazisidir. Satıcılar yay və qış aylarında açıq havada, toz-torpağın içində al-ver edərkən çox əziyyət çəkdiklərini deyirlər. Onlar bazarda məhsul satışı üçün heç bir şərait olmadığı halda yer haqqı da ödəyirlər.
Satıcı Gülsüm xala deyir ki, gətirdiyimiz mallar harada yer tapdıq orada satırıq. «Bura bazar sayılmır. Bura avtobaza sayılır. Avtobazanın qabağından pulu yığıb gedirlər». Dəhşətlisi budur ki, satıcılar kəndlərdən gətirdikləri süd məhsullarını, göyərtini və meyvə-tərəvəzi piştaxtalarda yox, antisanitariya şəraitində olan bir ərazidə, torpağın üstündə satırlar. Bazardakı şəraitdən satıcılarla yanaşı alıcılar da narazıdır. Onlar aldıqları qida məhsullarının həyatları üçün təhlükə yarada biləcəyini deyirlər.
Hələ nəzərə alsaq ki, bazarın üstü açıqdır, onda burda satılan məhsulları payız-qış mövsümündə, yağış-qar altında təsəvvür etmək elə də çətin deyil. Qarşılaşdığımız maraqlı məqamlardan biri ət məhsullarının satış yeridir. Buranın hansı fəsadlara səbəbə olacağını bilmək üçün ekspertə filana ehtiyac yoxdur. Ət, balıq günün altında necə gəldi satılır. Bir kimsə zəhərlənsə, buna kimin cavab verəcəyi də bəlli deyil. Avtobazanın işi rayonun kəndlərinə avtobus təşkil etməkdir, ya bazar fırlatmaq, bax burası bəlli deyil. İstəiyrik yığışıb gedək icra başçısı Mübariz müəllimin yanına , belə biabırçılıq olmaz vallah”. Bunu isə Səməd müəllim deyir.
Söhbətləşdiyimiz ekspertlərin dediyinə görə, tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətini tamamilə itirir. Xüsusilə də ağartı və ət məhsullarının üstüaçıq şəkildə satılması düzgün deyil. Bu məhsullar günün altında və tozla təmasda olarsa, bu tip məhsullarda dioksin adlanan toksik maddə ifraz olunmur. Bu da orqanizmin zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa, küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulmuş olur. Ona görə də həmin ərzaq məhsullarının istifadəsi və satışı yolverilməzdir.
P.S. Maraqlıdır, görəsən Göyçayın icra başçısı Mübariz Ağayev belə bir acınacaqlı durumda olan bazarda satılan məhsullardan istifadə edərmi?
Mövzunu diqqətdə saxlayacağıq.