Bakıda inanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı
19-07-2019, 10:54
Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.
Report-un məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.
Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir. Onlardan biri evin tək oğludur.
***
Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb.
Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
***
Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.
Məlumata görə, suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.
Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur və o, evin tək oğlu olub. S.Abbasov bu il orta məktəbi bitirib.