Kürdəmir ƏSMM-də «şərikli çörək» prinsipi
3-02-2016, 13:10
İlyaz Mahmudov köhnə qaydalara yenilərini əlavə edib
Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildikdən sonra bir sıra keyfiyyət dəyişiklikləri baş versə də, xeyli sayda problemlərin qaldığını inkar etmək mümkün deyil. Ayrı-ayrı rayonlarda yerli mərkəzlərin rəhbərlərinin əvvəlki səviyyədə pul qazanmaq həvəsinin önünü kəsmək isə mümkünsüz hala çevrilib.
Kürdəmir rayonunda da vəziyyət dəyişməz qalıb. Durum o qədər fərqli şəkil alıb ki, camaat özü nəyi necə edəcəyini bilmir. Ona görə ki, rayon Sosial Müdafiə Mərkəzinin direktoru İlyaz Mahmudov tamamilə yeni qaydalar tətbiq etməyə başlayıb.
Məlumatlarda deyilir ki, Mahmudovun hərəkətlərinə camaat «şərikli çörək prinsipi» adını veriblər. Ona görə ki, mərkəz direktorunun yeni qaydaları ünvanlı sosial yardımlara şərik olmaqdan başqa bir şey deyil.
teref.az yazır ki, JAM.AZ-a daxil olan məlumata görə, Kürdəmir ƏSMM-in direktorunun yeni qaydasına əsasən 2 il müddətinə ünvanlı sosial yardım almaq istəyən şəxslər ilk növbədə onunla razılaşmalıdırlar. Bu razılaşma isə alınacaq pulun yarısının direktora çatmasından ibarətdir. Əks təqdirdə, heç bir rayon sakini bir qara qəpik də pul almaq imkanına malik olmaz.
İddialara görə, İlyaz Mahmudov bu işləri birbaşa görmür və onun SMM-in qarşısında xüsusi maklerləri var. Həmin maklerlər sənədləri alıb baxdıqdan sonra, onu içəri «ötürür» və danışıq aparırlar. Aparılan danışıqların nəticəsində razılaşma əldə olunur və məsələ həllini tapır.
Məlumatlarda o da vurğulanır ki, Kürdəmirdə ünvanlı sosial yardım alanlar arasında imkanlı şəxslər daha çox üstünlük təşkil edir. Ona görə ki, imkanlı adamlar bəri başdan pulun yarısını verməklə işlərini həm təminat altına alırlar, həm də asan şəkildə yardım sahibi olurlar. Kasıb insanlar isə pul vermədikləri üçün günlərlə SMM-ə gedib, gəlməkdən başqa çarə tapa bilmirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.