Karantin qaydalarını ələ salan köşə yazarı ölkədən deportasiya edildi
19-07-2021, 16:28

Avstraliyada COVID-19 epidemiyası səbəbilə tətbiq olunan karantin qaydalarını pozacağını söyləyən birtaniyalı ifrat sağçı köşə yazarı Katie Hopkins ölkədən deportasiya edilib.
Sfera.az xəbər verir ki, bu haqda qərar yazarın instaqramda paylaşdığı videoda məcburi karantin müddətinin davam etdiyi hotel otağına yemək gətirən ofisiantları maskasız və çılpaq halda qarşılayacağını söylədikdən sonra verilib.
Avstraliya Daxili İşlər naziri Karen Andryus yazarın karantin qaydalarını ələ salmasının dəhşətli olduğunu və ölkəni tərk etməsi üçün lazımi tədbirləri gördüklərini söyləyib.
Vizası ləğv edilən Katie Hopkins bu gün Sidney hava limanından ölkəni tərk edib. Televiziya proqramında iştirak etmək üçün Avstraliyaya gedən K. Hopkins Sidneydəki hotellərdən birində 14 günlük karantinə alınıb.
Müsəlmanlar və immiqrantlar əleyhinə fikirləri ilə gündəmə gələn yazar epidemiya zamanı tətbiq olunan karantin tədbirlərini insanlıq tarixindəki ən böyük aldanış olaraq xarakterizə edib.
Qeyd edək ki, Avstraliyanın ən böyük şəhərlərindən biri olan Sidney və Melburnda virusun delta variantı hallarının artması səbəbilə karantin tədbirləri tətbiq olunur.
Yoluxma sayında artımın davam etdiyi ölkədə xaricdən gələnlər hotellərdə məcburi karantinə alınırlar.
Karantində qalan insanlardan yemək servisindən 30 saniyə sonra qapını açmaları və işçilərlə üz-üzə gəlməmələri üçün maska taxmaları tələb olunur.