DYP əməkdaşının adı oğurluq maşın işində
11-03-2016, 00:42
Qafar Həmidovun özünü general Yaşar Əliyevin qayını kimi təqdim etdiyi bildirilir
Bakı şəhər sakini Göyüş Səhhət oğlu Qocayev Gürcüstanda saxlanılıb və maşını əlindən alınaraq müsadirə edilib. Özünə də deyilib ki, həmin maşın oğurluqdur, beynəlxalq axtarışa verilib.
Məsələ ilə bağlı Göyüş Qocayev və vəkili Bəxtiyar Hacıyev Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova şikayət məktubu ilə müraciət ediblər.
Vəkil Bəxtiyar Hacıyev deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs ötən il, noyabrın ortalarında dostu Fuad vasitəsilə tanıdığı, hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində işləyən Qafar Həmidovdan 2013-cü il buraxılışı olan "Mercedess Benz” (E class) markalı, ilkin qeydiyyat nömrə nişanı "90 UM 039”, sonrakı qeydiyyat nömrə nişanı "10 RE 110” olan avtomaşını 25 min dollara alıb. "Atabank”ın "Xəzər” filialında girovda olan, Çingiz Sadıqzadə adlı şəxsin adına rəsmiləşdirilən avtomaşına əlavə olaraq daha 28 min manat ödəməyi Göyüş Qocayev boynuna götürüb. Bu gün banka ödəniləsi olan məbləğ cəmi 18 min manat təşkil edir.
Vəkilin sözlərinə görə, 2015-ci ilin təxminən dekabr ayında Göyüş Qocayev Gürcüstanda ailəsi ilə səfərdə olarkən Vaxtanqize Gömrük postunda idarə etdiyi "Mercedess Daymler Benz” "10 RE 110” dövlət nömrə nişanlı avtomaşın əlindən alınaraq müsadirə edilib. Ona məlum olub ki, həmin maşın İnterpol vasitəsi ilə axtarışdadır.
Göyüş Qocayev Fuad Ələsgərova və Zakir Qaralova ünvanladığı məktubunda bildirib ki, maşının axtarışda olduğunu bilən zaman dərhal Qafar Həmidovla əlaqə saxlayıb. Lakin o, bildirib ki, bu məsələdə adı hallanmasın. Gedər lazım olmayan yerlərə çatar. Qafar Həmidov Daxili İşlər Nazirliyinin baş Mühafizə İdarəsinin rəisi olan Yaşar Əliyevdən çəkindiyinə görə Göyüş Qocayevə Sumqayıt şəhərində mənzil təklif edib.
Bəxtiyar Hacıyevin sözlərinə görə, Q.Həmidov bu məsələlərdən xəbərsiz olduğunu bildirsə də, sonradan maşının oğurluq olduğunu boynuna alıb: "Qafar Həmidov Göyüş Qocayevi aldadaraq 25 min dolları ələ keçirib, daha sonra isə 9 min dolları "Atabank”a olan kredit borcunun ödənilməsi ilə əlindən çıxarıb. Bununla da külli miqdarda ziyan vurmaqla dələduzluq edib” .
G. Qocayev məktubunda Qafar Həmidovla bağlı tədbir görülməsini hüquq-mühafizə orqanlarından xahiş edib. Bildirib ki, Bakı şəhər baş Polis idarəsinə etdiyim müraciət heç bir nəticə verməyib.
Məktubda o da qeyd edilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan Qafar Həmidov özünü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi general Yaşar Əliyevin qayını kimi təqdim edib.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Qafar Həmidovla əlaqə saxlayıb. Deyilənləri böhtan adlandıran DYP əməkdaşı bununla bağlı ifadə verdiyini, daha bu haqda danışmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, heç yerdə özünü Yaşar Əliyevin qohumu kimi təqdim etməyib.///meydan.tv